Azərbaycanda bir il ərzində neçə nəfər məhkum olunur, onlar daha çox hansı cinayətləri törədirlər?
Modern.az saytı bu suallara cavab tapmaq üçün Dövlət Statistika Komitəsinin məlumatlarını araşdırıb.
Məlum olub ki, 2025-ci ildə törədilmiş cinayətlərə görə 13 846 nəfər məhkum olunub. Onların 13 179-u kişi, 667-si isə qadındır. Başqa sözlə, məhkum olunanların 95,2 faizini kişilər, 4,8 faizini qadınlar təşkil edir.
Ən acınacaqlı hal ötən il məhkum olunanlar arasında 308 nəfərin 14-17 yaşlı uşaqlar olmasıdır.
Hər 10 nəfərdən 4-ü narkotiklərə görə məhkum olunub
Rəqəmlər göstərir ki, ölkədə məhkumluq hallarının böyük hissəsi iqtisadi sahədə törədilən cinayətlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin payına düşür
Statistikada ən böyük göstərici narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə aiddir. Ötən il belə əməllərə görə 5 683 nəfər məhkum olunub. Onlardan 5 504-ü kişi, 179-u qadındır.
Narkotik cinayətləri bütün məhkum olunanların 41 faizini təşkil edir. Başqa sözlə, 2025-ci ildə məhkum edilmiş hər 10 nəfərdən təxminən 4-ü məhz bu kateqoriyaya aid cinayətlərə görə cəza alıb.
Oğurluq və digər mülkiyyət cinayətləri
İkinci böyük istiqamət iqtisadi sahədə törədilən cinayətlərdir. Burada mütləq üstünlük mülkiyyət əleyhinə cinayətlərə məxsusdur. Belə əməllərə görə 3 680 nəfər məhkum edilib. Onlardan 3 409-u kişi, 271-i qadındır.
Mülkiyyət əleyhinə cinayətlərə görə məhkum olunanların sayı ümumi məhkumların 26,6 faizinə bərabərdir.
Şəxsiyyət əleyhinə cinayətlərə görə 1 465 nəfər məhkum edilib
Şəxsiyyət əleyhinə cinayətlər üzrə 1 465 nəfər məhkum olunub. Bu kateqoriyada 1 357 kişi və 108 qadın var.
Həyat və sağlamlıq əleyhinə cinayətlərə görə 1 126 nəfər cəzalandırılıb. Onların 1 057-si kişi, 69-u qadındır.
Cinsi toxunulmazlıq və cinsi azadlıq əleyhinə cinayətlər üzrə isə ümumilikdə 303 nəfər məhkum edilib.
Bunlardan 135 nəfər cinsi toxunulmazlıq əleyhinə cinayətlərə görə məsuliyyətə cəlb olunub. Bu qrupda 101 kişi və 34 qadın var. Maraqlı məqam odur ki, həmin kateqoriyada qadınların payı 25,2 faizdir. Bu, ümumi statistikada qadınların 4,8 faizlik payından xeyli yüksəkdir.
Cinsi azadlıq əleyhinə cinayətlərə görə isə 168 nəfər məhkum olunub. Bu kateqoriyada məhkum edilənlərin hamısı kişilərdir.
Dövlət hakimiyyəti və hərbi xidmət əleyhinə cinayətlər
Dövlət hakimiyyəti əleyhinə olan cinayətlər üzrə 519 nəfər məhkum olunub. Onlardan 480-i kişi, 39-u qadındır.
Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər üzrə 120 nəfər məhkum olunub. Onların 106-sı kişi, 14-ü qadındır.
İdarəetmə qaydası əleyhinə cinayətlərə görə isə 184 nəfər məhkum edilib. Bu qrupda 172 kişi və 12 qadın var.
Hərbi xidmət əleyhinə cinayətlər üzrə məhkum olunanların sayı 664 nəfərdir. Onların 661-i kişi, 3-ü qadındır. Bu kateqoriyada kişilərin payı 99,5 faiz təşkil edir.
Yol hərəkəti, ekologiya və kibercinayətlər
Statistikada yol hərəkəti təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə cinayətlər də ayrıca yer alıb. Bu əməllərə görə 589 nəfər məhkum olunub. Onlardan 571-i kişi, 18-i qadındır.
Ekoloji cinayətlərə görə 55 nəfər, ictimai mənəviyyat əleyhinə cinayətlərə görə 34 nəfər cəzalandırılıb.
Kibercinayətlər üzrə isə 7 nəfər məhkum olunub. Onların hamısı kişilərdir.
Qadınların payı hansı cinayətlərdə daha yüksəkdir?
Ümumi statistikada qadınların payı cəmi 4,8 faiz olsa da, bəzi cinayət kateqoriyalarında bu göstərici xeyli yüksəkdir.
Məsələn, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə cinayətlərə görə məhkum olunan 7 nəfərin 4-ü qadındır. Bu, 57,1 faiz deməkdir. Lakin burada ümumi sayın çox az olduğunu da nəzərə almaq lazımdır.
Cinsi toxunulmazlıq əleyhinə cinayətlərdə qadınların payı 25,2 faiz, ictimai mənəviyyat əleyhinə cinayətlərdə 20,6 faiz, korrupsiya və qulluq mənafeyi əleyhinə cinayətlərdə isə 11,7 faizdir.
Bu göstəricilər qadınların ümumi məhkumlar arasında azlıq təşkil etməsinə baxmayaraq, müəyyən cinayət kateqoriyalarında onların payının daha yüksək olduğunu göstərir.
14-17 yaşlı 308 nəfər məhkum olunub
Statistikada diqqətçəkən digər məqam məhkum olunan azyaşlılarla bağlıdır.
2025-ci ildə törədilmiş cinayətlərə görə 14-17 yaşlı 308 nəfər məhkum edilib. Onların 298-i oğlan, 10-u qızdır.
Bu yaş qrupunda oğlanların payı 96,8 faiz, qızların payı isə 3,2 faiz təşkil edir.
14-17 yaşlı məhkumların sayı ümumi məhkumların təxminən 2,2 faizinə bərabərdir.
Rəqəmlər nə deyir?
Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatların təhlili bir neçə mühüm nəticəni ortaya qoyur.
Birincisi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər ümumi məhkumluq statistikasında ən böyük paya malikdir. 5 683 nəfərlik göstərici bütün məhkumların 41 faizini təşkil edir.
İkincisi, mülkiyyət əleyhinə cinayətlər də geniş yayılmış kateqoriyalardandır. Bu istiqamətdə 3 680 nəfərin məhkum edilməsi iqtisadi cinayətlərin strukturunda mülkiyyət əleyhinə əməllərin üstünlüyünü göstərir.
Nəhayət, ictimai təhlükəsizlik və ictimai qayda, iqtisadi sahə əleyhinə cinayətlər birlikdə bütün məhkumluq hallarının 80,9 faizini təşkil edir.
A.Qorxmaz