Modern.az

Habil Əliyevdən yeni əhvalatlar...

Habil Əliyevdən yeni əhvalatlar...

Ölkə

12 Dekabr 2010, 21:37
 Azərbaycanda görkəmli sənətkar kimi tanınmış istedadlı kamança ustası Habil Əliyev həm də müdrik, hazırcavab və zarafatcıl söz adamıdır. Uzun illərdir  musiqiçilər, ziyalılar arasında onun lətifələri, atmacaları, məzəli söhbətləri gəzib dolaşmaqdadır. Modern.az ötən günlərdə Habil Əliyevin duzlu-məzəli lətifələrindən bəzilərini oxucuların diqqətinə çatdırmışdı. Bu zarafatcıl söz adamının danışdığı real hadisələrdən bəhs edən daha bir neçə maraqlı əhvalatı sizə təqdim edirik:

*** İsti yay günlərinin birində Habil Əliyevin könlünə balıq yemək düşür, dostlarını da götürüb restorana gedir. Ofisiantı çağırıb balıq sifariş edir. Bu zaman xidmətçi oğlan deyir ki, balıq verə bilməz: -Habil müəllim, indi iyul ayıdır ee, balığı hansı ayın adında “r” hərfi varsa, o zaman yeyərlər. Habil Əliyev əsəbiləşib deyir: - Sən mənə balıq tap bişir, mən iyulu “iyur” edərəm! ***

Sovet dövründə bir dəfə Moskva səfərindən qayıdan Habil Əliyev musiqiçilərin yığışdığı Filarmoniya bağına gəlir. Burada sənət dostları Əhsən Dadaşov, Əbülfət Əliyev, Həbib Bayramov və digərləri onu görən kimi dövrəyə alır sorğu-suala tuturlar. Aralarında Bakı ermənisi, musiqiçi Boris Keropyan da olur. Hamısı soruşur ki, “Habil, haradasan, çoxdandır görünmürsən?”. Habil Əliyev erməni musiqiçiyə sataşmaq üçün bir əhvalat uydurur: - Moskvaya getmişdim, Bir həftə orada qaldım. Bir gün mehmanxanaya zəng etdilər, dəstəyi götürəndə Xruşşovun səsini eşitdim. Bilirsiniz də, mən onunla yaxın dostam. Sənət dostları Habilin Borisə sataşdığını anlayıb əhvalatın ardını soruşurlar. Habil Əliyev davam edir: - Hə, Xruşşov telefonda gileyləndi ki, “Habil səndən incimişəm, bir həftədir Moskvadasan, niyə məni axtarıb tapmırsan? Bu dəqiqə maşın göndərirəm gəl Kremlə”. Mən cavab verdim ki, əşşi, işim-gücüm başımdan aşır, vaxt tapa bilmirəm. Xruşşov ərklə dedi: - Elə eləmə səni milislə gətirdim! Etiraz edə bilmədim. Bir azdan məni təmtəraqla Kremlə apardılar. Xoş-beşdən, şirin söhbətdən, yemək-içməkdən sonra Xruşşov dedi ki, bəs, "Habil, səni Bakıya buraxan deyiləm, Kremldə sənə kamançaçı ştatı açıram, qal işlə, gözümün qabağında ol!". Söhbətin bu yerində Boris Keropyan şaqqanaq çəkib gülür. Habil Əliyev deyir: - Nədi ə, niyə gülürsən? Boris deyir: - Ara, a bədbəxt, Xruşşov səni dolayırmış ee, heç Kremldə də kamançaçı ştatı olar?! *** 70-ci illərdə Habil Əliyev Azərbaycandan olan ansambl ilə xaricə qastrola getməli olur. O zaman xaricə gedənlər valyutaları olmadığından özləri ilə orda satmaq üçün xırda-para şeylər götürərmişlər ki, qayıdanda satıb evə nəsə alsınlar. Habil Əliyev də ha fikirləşir ki, nə götürsün, ağlına bir şey gəlmir. Axırda iki kamança götürür. Yola çıxanda hamı təəccüblə soruşur: - Habil müəllim, siz niyə iki kamança götürmüsüz? Habil Əliyev cavab verir: - A balam, iki kamança götürmüşəm ehtiyat üçün. Biri sınanda, o birində ifa edə bilim… Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı