Modern.az

Sabir Rüstəmxanlı: “Hətta mən özüm zorla qaçıb çıxmaq istəyirdim...”

Sabir Rüstəmxanlı: “Hətta mən özüm zorla qaçıb çıxmaq istəyirdim...”

Ölkə

15 Dekabr 2010, 12:10

DAK həmsədri deyir ki, Qulmraza Təbrizinin ətrafında Azərbaycana düşmən münasibət bəsləyənlər yığılıb

Dünya Azərbaycanlıları Konqresinin (DAK) iki yerə parçalanması yeni fakt deyil. Hər iki tərəf  “əsl DAK” olduqlarını zaman-zaman göstərmək niyyətində olsalar da, son nəticədə Sabir Rüstəmxanlının həmsədr olduğu Konqres daha fəallığı ilə yadda qaldı.
Amma problem qalmaqdadır. Ötən həftə Almaniyada keçirilən DAK-ın qurultayının ardınca Londonda Qulamrza Səbrinin rəhbəri olduğu alternativ DAK ali toplantısını keçirib.
Modern.az Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlıdan diaspor qurumları arasında baş verən bu qarşıdurmanın səbəblərini və DAK-ın perspektivi barədə fikirlərini öyrənib:

- Onlar bildirirlər ki, guya qurultaylarında 16 ölkədən gələn nümayəndələr iştirak ediblər. Əslində isə orada Azərbaycan, İsveç, İngiltərə və Almaniyadan olmaqla 4 ölkədən çox az sayda insan iştirak edib. Kənar heç kim orda iştirak etməyib. DAK adından Norveçdə yaşayaş Böyükbəyi və Londonda “21Azər” təşkilatından mitinq keçirmək adı ilə müraciət edərək adamları dəvət eləyiblər. Əslində DAK-ın buna heç aidiyyatı yoxdur. Mitinqdə iştirak etmək üçün gedənlərdən sonra xahiş ediblər ki, qurultayda iştirak etsinlər. Gedənlərin böyük bir hissəsi də qurultaya qatılmayıb. Qurultayda cəmi 50-55 nəfər adam olub. Bunu da qurultay elan edirlər.
QulamrzaTəbrizi də saxta rəqəmlərlə özünü yenidən sədr elan edib. Bu qurumun qanuna, əxlaqa zidd hərəkətlərini açıb göstərmək üçün bütün həqiqətləri demək lazımdır. İki il bundan əvvəl onlar bizdən sonra DAK adını ələ keçirdilər. Ən azından onların ağılları ona çatmır ki, eyni adda iki təşkilat ola bilməz. Ayrı ad qoysunlar. Təşkilat olaraq biz də onlara kömək edək. Azərbaycanın xeyrinə çalışan bütün təşkilatlara ancaq xeyir-dua vermək olar. Amma başqa bir təşkilatı mənimsəmək, onun gördüyü işləri öz adına çıxmaq, bu nə vətəndaşlığa, nə də qanuna uyğun gələn hərəkətdir.  Biz elan elədik ki, qurultayı sentyabrda keçirəcəyik, onlar da sentyabrda  keçirəcəklərini bildirdilər. Oktyabrda da oxşar addım atdılar. Nəhayət saxladıq seçkidən sonraya.. Onlar da bizdən bir həftə sonraya saxladılar. Bu sadəcə ocağı söndürüb külü ilə oynamaqdır. Onlar da bir iş görmək istəyirlərsə, ayrı adla təşkilat yaratsınlar, nə bacarırlarsa, o işi də görsünlər.  Buna görə də, mən onların gördüyü işi qeyri-ciddi iş kimi qiymətləndirirəm. Buna bizim Güney hərəkatına ciddi zərbə kimi baxıram. Bu da cəmiyyətdə çaşqınlıq yaradır. Bütün bunlar birbaşa İran agentliyinə, İran kəşfiyyatına xidmətdir. Qulamrza  Təbrizinin İranla bağlı olmağına heç şübhəm yoxdur.

- Bildiyimizə görə, Azərbaycandan tanınmış həkim Paşa Qəlbinur da orda iştirak edib.

- Paşa Qəlbinur əvvəldən orda olub. Onu da aldadıb aparıb həmsədr eləmişdilər. İndi Qulmarza onu həmsədrlikdən də kənarlaşdırıb. Bir də Ağalar Bayramov həmin qurultaya şeir deməyə gedib. Onun isə DAK-a dəxli yoxdur.

- Sizin rəhbərlik etdiyiniz qurum dövlət tərəfindən tanınırsa, deməli legitimlik sizdədir?

- Yox, legitimlik təkcə dövlət tərəfindən tanınmaq deyil. Əvvəla biz İsveçdə qeydiyyatdan keçmişik. Bütün lazım olan sənədlər Rusiyada, Uraynada və dünyanın bir sıra ölkələrində qeydiyyatdan keçib. DAK-ın bütün rəsmi sənədləri bizim əlimizdədir. Bizim qurultay dekabrın 4-5-i oldu. Qurultayda 135 mandatlı  üzv var idi. Yüzdən də çox qonaq iştirak edirdi. Qurultay yüksək səviyyədə keçdi. 17 nəfərdən ibarət İdarə Heyəti seçildi. Mən ona görə hesab eləyirəm ki, Paşa Qəlbinur da Qilamrza Təbrizlinin oyununa uzun müdət davam gətirə bilməyəcək. Bu iş Təbrizinin işi deyil.

- Sabir müəllim ortada nə bölünə bilinmir ki, belə olur?

- Mənim heç kiminlə bölünəsi bir işim yoxdur. O vaxt Qulamrza Təbrizini İdarə Heyətindən çıxarıb məndən xahiş elədilər ki, sədrliyi götürüm. Hətta mən özüm zorla qaçıb çıxmaq istəyirdim. Qurum dağılmasın deyə, bunlar çox xahiş etdilər, onda sədrliyi götürdüm. Sonra da o, başladı bu işi görməyə. Qulamrza Təbrizi bir təşkilatdan çıxarılıbsa, sonra da gedib o təşkilatın adını mənimsəyib eyni adla bir qurum yaradıbsa, bu qanunaziddir. Sən yaxınlarını, qohumalarını ətrafına yığa bilərsən. Pulla kimlərisə burdan ora apara bilərsən. Amma bu xəyanətkarlıqdı. Onlar DAK-ın 13 illik fəaliyyətini kölgə altına salmağa çalışırlar.

- Ümumiyyətlə, hər iki DAK-ın birləşməsi üçün siz tərəfdən bir böyüklük kimi addım atılıbmı ki?

- İndi danışmaram. İki il bundan öncəki qurultaydan əvvəl biz görüşmüşdük. Mən dönə-dönə bildirmişdim ki, gəl birgə qurultay keçirək. Bir çox məsələləri müzakirə eləmişdik. Hətta Moskvadan qonaqlarımız da var idi. Biz danışdıq, razılaşıb ayrıldıq. Sonra gördüm qəzetlərdə ağzına gələn yalanları yazıb.

- Sizcə bu məsələni necə həll etmək olar?

- Mənə elə gəlir ki, bu məsələ gec-tez öz həllini tapacaq. Bu adla yaranan o qurumun heç bir perspektivi ola bilməz. Onu ətrafda olan adamlar hamısı tanıyırlar. Əminəm ki, vaxt olacaq, o qurumda heç kim qalmayacaq.

- Dövlət qurumlarından olan nümayəndələrin sizin tədbirlərdə iştirak etməsi məsələlərə mənfi təsir göstərmir ki?

- Dövlət qurumları bizdə müşahidəçi kimi gedir. Heç nəyə də təsir göstərmir. Onların nə nümayəndə kimi mandatları yoxdur ki, iştirak eləsinlər. Sadəcə qonaq kimi oturub baxırlar. Dövlət dəfələrlə bu illər ərzində baxıb, izləyib ondan sonra yəqin belə bir qərara gəliblər ki,  o biri qurumun DAK-a aidiyyəti yoxdur.

- Sabir bəy rəhbərlik elədiyiniz qurumun fəaliyyəti sizi qane eləyirmi?

- Hər halda biz son iki ildə DAK-ın əvvəlki fəaliyyətindən daha artıq iş görmüşük. Bunu qurultayda da səsləndiriblər. Qarşı tərəfin araqarışdırmaq fəaliyyəti olmasaydı işlərimiz daha yaxşı olacaqdı. DAK-ın işi indi Azərbaycanın müəyyən faktlarını beynəlxalq qurumlarına çatdırmaq və Azərbaycanın indiki durumunu dünya ictimaiyyətinə açıqlamaqdır.
Həm Qarabağ məsələsi ilə bağlı, həm Azərbaycanın parçalanmış xalq olması ilə bağlı, həm İranlı qardaşlarımızın hüquqlarının pozulması ilə bağlı və digər məsələləri çalışırıq dünya ölkələrinə çatdırmaqdır. Eyni zamanda ən böyük işlərimizdən biri də DAK-ın təşkilatlanmasıdır. Bu iki ildə biz Amerikadan, Kanadadan başlamış Avropa və Avrasiyanın bir çox ölkələrində təşkilatlarımızı yaratmışıq. Bu iki ildə ardıcıl olaraq beynəlxalq təşkilatlarla görüşlər keçirərək öz vəziyyətimizi onlara çatdırmağa çalışmışıq. Sonuncu qurultayda da biz azərbaycanlıların Ermənistandan deportasiyasının 22 illiyi ilə  bağlı çıxışlar etdik. Qarabağ məsələsi ilə bağlı, Ahıska türklərinin durumu ilə bağlı, Urmiya gölünün qurudulması və digər mühüm məsələlərlə bağlı bəyanatlar hazırlayaraq beynəlxalq təşkilatlara çatdırdıq.
Mən Qulamrza Təbrizi haqda deyə bilərəm ki, onun ətrafına toplananlar tam başqa niyyətli insanlardır. Onların məqsədi müəyyən adlar altında  xarici ölkələrin himayəsinə göz dikməkdir. Ümumiyyətlə, onların arasından Azərbaycan Respublikasına düşmən münasibət bəsləylənlər insanlar var. Bu adamlarla bir heç vaxt bir araya gəlib, bir təşkilata çevrilə bilmərik.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV