Hesablama Palatası dövlət qurumlarının daşınmaz əmlakının icbari sığortası ilə bağlı ciddi nöqsanlar aşkarlayıb.
Modern.az məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, dövlət auditləri zamanı "İcbari sığorta haqqında" qanunun tələblərinin tam icra olunmadığı müəyyən edilib.
“Hesablama Palatasının apardığı təhlillər göstərir ki, bəzi dövlət qurumlarının balansında olan daşınmaz əmlakın sığorta müdafiəsi tam təmin edilməyib. Sığortalanma prosesi risk amillərinə əsasən deyil, ayrılmış büdcə vəsaitinin limiti çərçivəsində həyata keçirilib”, - deyə o qeyd edib.
Palata sədri vurğulayıb ki, bir sıra hallarda sığorta hadisələri baş versə də, kompensasiya mexanizmləri effektiv işləməyib.
“Bəzi hallarda sığorta təminatına daxil olmayan iddialarla bağlı hadisələrin baş verməsindən uzun müddət keçməsinə baxmayaraq, sığorta şirkətləri tərəfindən öhdəliklərin icrası gecikdirilib və ya tam təmin olunmayıb. Hətta bəzi hallarda sığortalanmış əmlaka dəymiş zərərin aradan qaldırılması üçün büdcədən təkrar vəsait ayrılıb”, - deyə V.Gülməmmədov bildirib.
O qeyd edib ki, bu səbəbdən sığorta risklərinin idarə olunması mexanizmlərinin gücləndirilməsi və həmin xərclər üzərində nəzarətin artırılması məqsədəuyğundur.