Hər dövrün öz tələbi olur. Bu tələb hətta parlamentlərdə daha çox hansı ixtisaslar üzrə deputatların təmsil olunmasına da ciddi təsir edir.
Modern.az bu yazıda VII çağırış Milli Məclisdə təmsil olunan deputatların ixtisaslarını, xarici dil biliklərini, yaş göstəricilərini və əsas fəaliyyət istiqamətlərini araşdırmağa çalışdıq.

1990-cı illərin “aqrar parlament”i necə dəyişdi...
1990-cı ildə seçilmiş Azərbaycan SSR Ali Soveti 360 deputatdan ibarət idi. O zaman bugünkü peşəkar parlamentdən fərqli olaraq sovet təmsilçilik modelinə əsaslanırdı. Həmin modeldə zavod direktorları, kolxoz və sovxoz rəhbərləri, rayon partiya komitələrinin əməkdaşları, müəllimlər, həkimlər, mühəndislər və daha çox kənd təsərrüfatı mütəxəssisləri geniş təmsil olunurdular.
Buna görə 1990-cı illərin əvvəllərində parlamentdə aqrar sektorun daha güclü görünürdü. Həmin dövrdə parlamentdə kənd təsərrüfatı müəssisələrindən, rayon idarəçiliyindən və real istehsal sektorundan gələn şəxslərin çəkisi indiki parlamentlə müqayisədə daha çox idi.
1995-ci ildə Konstitusiyanın qəbulundan sonra 125 nəfərlik Milli Məclis formalaşdırıldı və parlamentin peşə strukturu dəyişməyə başladı. Milli Məclisin rəsmi arxivində I çağırış dövründə müxtəlif vaxtlarda mandat almış 133 şəxsin bioqrafiyası təqdim olunur. Onların arasında humanitar və texniki təhsilli şəxslərin üstünlük təşkil etdiyi görünür.
Açıq bioqrafiyalarda deputatların Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda və ya aqronomluq, baytarlıq, kənd təsərrüfatının mexanikləşdirilməsi istiqamətində təhsil aldığı göstərilib.
Sonrakı çağırışlarda bazar iqtisadiyyatının qurulması, özəlləşdirmə, bank və vergi qanunvericiliyi, mülkiyyət hüquqları, yeni məhkəmə sistemi və beynəlxalq öhdəliklər iqtisadçı və hüquqşünaslara tələbatı artırdı. Parlamentin peşə tərkibi də tədricən həmin istiqamətlərə doğru dəyişdi.

Bugünkü parlamentin peşə xəritəsi
Hazırkı parlamentdə ən geniş təmsil olunan istiqamətlər humanitar-sosial elmlər, hüquq və iqtisadiyyatdır.
Deputatların 54-nün təhsilində humanitar, sosial və siyasi elmlərlə bağlı ixtisas göstərilir. Bu qrupa tarixçilər, filoloqlar, jurnalistlər, politoloqlar, psixoloqlar, şərqşünaslar, regionşünaslar, tərcüməçilər və beynəlxalq münasibətlər üzrə mütəxəssislər daxildir.
Rəsmi bioqrafiyalara əsasən, 35 deputatın hüquq, 21 deputatın isə iqtisadiyyat, biznes, maliyyə, mühasibat və idarəetmə üzrə təhsili var.
Texniki və dəqiq elmlərlə bağlı ixtisası olan 19, tibb, səhiyyə və farmasiya üzrə təhsil alan 10 deputat müəyyən edilib. Birbaşa aqrar ixtisası olan cəmi 2, idman və fiziki tərbiyə üzrə təhsil alan isə 2 deputat var.
Bir sıra deputatların birdən çox ali təhsil alması səbəbindən bu göstəricilər üst-üstə düşür. Məsələn, ilk ixtisası mühəndislik, tibb və ya filologiya olan bəzi deputatlar sonradan hüquq, iqtisadiyyat, politologiya və dövlət idarəçiliyi üzrə ikinci təhsil alıblar.
Araşdırmada ən diqqətçəkən fərq aqrar təmsilçiliklə bağlıdır.
I çağırışla müqayisədə VII çağırışda yalnız iki deputatın aqrar təhsillə birbaşa əlaqəsi var.
Müşfiq Cəfərov aqrar istehsalın iqtisadiyyatı və idarə edilməsi, Kamaləddin Qafarov isə meyvə-tərəvəzçilik və üzümçülük üzrə təhsil alıb.

Parlamentdə hüquqşünaslar üstün mövqedədir
Hazırkı deputatların ən azı 35-nin bioqrafiyasında hüquq təhsili göstərilir. Qanunların hazırlanması, hüquqi məsələlərin aradan qaldırılması və beynəlxalq müqavilələrin ratifikasiyası baxımından bu göstərici zəruri və müsbət görünür. Lakin problem hüquqşünasların sayının çoxluğu ilə ölçülmür. Əsas məsələ onların yanında yeni sahələri dərindən bilən deputatların sayının yetərli olub-olmamasıdır.
Hüquq nəzəriyyəsində hüququn konservativ təbiətə malik olduğu qəbul edilir. Cəmiyyət, iqtisadiyyat və texnologiya sürətlə dəyişdiyi halda, qanunvericilik çox zaman bu dəyişikliklərin ardınca hərəkət edir. Nəticədə “hüquqi gecikmə” adlandırılan vəziyyət yaranır, yeni münasibətlər artıq formalaşır, lakin onları tənzimləyən hüquqi mexanizmlər hələ mövcud olmur və ya dövrün tələblərinə cavab vermir.
Məhz buna görə qanunun hansı hüquqi formada yazılmasını ilə kifayətlənmək olmaz, onun hansı sosial, iqtisadi və texnoloji nəticələr doğuracağını da qiymətləndirməlidir. Süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat, biotexnologiya və iqlim dəyişiklikləri kimi sahələrdə yalnız hüquqi bilik kifayət etmir. Qanunverici orqanda hüquqşünaslarla yanaşı, bu istiqamətlər üzrə praktik təcrübəyə və elmi ekspertizaya malik deputatların təmsilçiliyi də vacibdir. Bu sahələrlə bağlı mütəxəssislərin olmadığı görünür.

İqtisadçılar çox, yeni iqtisadiyyatın təmsilçiləri isə azdır
İqtisadiyyat, maliyyə, biznes və idarəetmə üzrə təhsili olan azı 21 deputat var.
İqtisadi siyasət mövzularında Azər Əmiraslanov, Vüqar Bayramov, Tahir Mirkişili, Əli Məsimli, Ziyad Səmədzadə, Müşfiq Cəfərov və digər deputatlar daha fəal görünürlər.
Vergi, gömrük, dövlət büdcəsi, satınalmalar, sahibkarlıq, bank sektoru və sosial-iqtisadi göstəricilər üzrə müzakirələrdə bu qrupun üstünlüyü hiss olunur.
Bununla belə, müasir iqtisadiyyat artıq büdcə, vergi və banklarla kifayətlnməkdən ibarət deyil. Rəqəmsal platformalar, kriptovalyutalar, maliyyə texnologiyaları, elektron ticarət, məlumat iqtisadiyyatı, avtomatlaşdırma və yaşıl maliyyə ayrıca ekspertiza tələb edir.
Parlamentdə iqtisadçılar kifayət qədər olsa da, yeni iqtisadiyyatın texnoloji tərəfini birbaşa təmsil edən mütəxəssislərin sayı azdır. Hətta bəzən yoxdur təsəvvürü də yaranır.

Xarici dil bilənlər çoxdur
Rəsmi bioqrafiyalara əsasən, 118 deputat rus, 84 deputat ingilis, 56 deputat türk dili bildiyini qeyd edib.
Bundan başqa, 12 deputatın fransız, 9 deputatın alman, 2 deputatın ərəb, 2 deputatın ispan, 1 deputatın fars, 1 deputatın isə norveç dili bildiyi göstərilib.
Bu göstəricilər parlament diplomatiyası baxımından müsbətdir. Deputatların təxminən üçdə ikisinin bioqrafiyasında ingilis dili qeyd olunur. Rus dili isə demək olar ki, bütün parlamenti əhatə edir.
Ancaq burada mühüm bir məqam var. Bu məlumatlar standartlaşdırılmış dil imtahanının nəticəsi deyil. Bioqrafiyalarda “sərbəst”, “yaxşı”, “orta” və “zəif” kimi fərqli ifadələrdən istifadə olunur. Buna görə dilin siyahıda göstərilməsi həmin deputatın beynəlxalq danışıqlarda və ya xarici mediada sərbəst işləyə bilməsi anlamına gəlmir.
Parlamentlərarası təşkilatlarda, xarici mediada və beynəlxalq konfranslarda Azərbaycanın mövqeyini vasitəçisiz ifadə edə bilən deputatların sayı daha əhəmiyyətli göstəricidir.

Deputatların orta yaşı 58-ə yaxındır
Rəsmi bioqrafiyalar əsasında aparılan hesablamaya görə, parlamentdə yaşı 70 və daha yuxarı olan 24 deputat var. Deputatların 36-sı 60–69, 34-ü 50–59, 24-ü isə 40–49 yaş arasındadır. Yaşı 40-dan aşağı olan deputatların sayı cəmi 6-dır.
VII çağırış deputatlarının orta doğum ili 1968-ci ilə yaxındır. Bu isə parlamentin orta yaşının təxminən 58 olması deməkdir.
Təcrübəli deputatların çoxluğu institusional yaddaş baxımından üstünlükdür. Uzun illər qanunvericilik prosesində iştirak edən şəxslər dövlət idarəçiliyinin və parlament mexanizmlərinin xüsusiyyətlərini daha yaxşı bilirlər.
Lakin 40 yaşdan aşağı cəmi 6 deputatın olması gənclərin üzləşdiyi əmək bazarı, mənzil, rəqəmsal həyat, miqrasiya, təhsil və sosial mobillik problemlərinin parlamentdə nə dərəcədə birbaşa təmsil edildiyi barədə sual yaradır.

Hər iki deputatdan birinin elmi dərəcəsi var
Deputatların 66-sının bioqrafiyasında elmi dərəcə göstərilir. Onların arasında professor, dosent, elmlər doktoru və fəlsəfə doktorları var.
Bu rəqəm parlamentin akademik potensialının yüksək olduğunu göstərir. Bununla belə, elmi dərəcələrin böyük hissəsi humanitar, hüquq, iqtisadiyyat və siyasi elmlər üzrədir.
Mühəndislik, informasiya texnologiyaları, ekologiya, biotexnologiya, aqrar innovasiya və enerji transformasiyası istiqamətində akademik təmsilçilik daha zəif görünür.

Deputatların ixtisası ilə fəaliyyət sahəsi həmişə üst-üstə düşmür
Deputatın parlamentdə fəaliyyət göstərdiyi sahə onun diplomunda yazılan ixtisasla həmişə üst-üstə düşmür. Bəzi deputatlar uzun illər ərzində komitə işi və qanunvericilik təcrübəsi hesabına fərqli sahələrdə ixtisaslaşıblar.
İqtisadiyyat və büdcə məsələləri üzrə Azər Əmiraslanov, Tahir Mirkişili, Vüqar Bayramov, Əli Məsimli və Ziyad Səmədzadənin fəallığı diqqət çəkir.
Hüquq və dövlət quruculuğu sahəsində Əli Hüseynli, Ziyafət Əsgərov, Nizami Səfərov, Kamal Cəfərov və Bəhruz Məhərrəmov daha çox çıxış edən deputatlar sırasındadırlar.
Sosial siyasət məsələlərində Musa Quliyev, Vüqar Bayramov, Hicran Hüseynova və Razi Nurullayevin mövqeləri tez-tez gündəmə gəlir.
Səhiyyə sahəsində Əhliman Əmiraslanov, Rəşad Mahmudov, Müşfiq Məmmədli və İlham Məmmədov daha fəal görünürlər.
Xarici siyasət və təhlükəsizlik məsələlərində Səməd Seyidov, Cavanşir Feyziyev, Azay Quliyev, Rasim Musabəyov, Elman Nəsirov, Arzu Nağıyev seçilirlər.
Təhsil, elm və mədəniyyətlə bağlı müzakirələrdə Anar İsgəndərov, Fariz İsmayılzadə, Rafael Hüseynov, Elnarə Akimova və Mehriban Vəliyevanın fəallığı müşahidə olunur.
Aqrar siyasət üzrə isə Tahir Rzayev, Eldar İbrahimov, Vüqar İskəndərov və Müşfiq Cəfərov daha çox görünürlər.
Təhlükəsizlik sahəsi üzrə Arzu Nağıyev fəaldır.

Yeni texnologiyalar üzrə boşluq görünür
Araşdırmanın üzə çıxardığı əsas problem ənənəvi sahələrlə deyil, yeni istiqamətlərlə bağlıdır.
Rəsmi ixtisas siyahısında informasiya sistemləri üzrə təhsili olan deputat var. Ancaq proqram mühəndisliyi, süni intellekt, böyük verilənlər, kibertəhlükəsizlik və rəqəmsal platformalar üzrə geniş mütəxəssis qrupu görünmür.
Eyni vəziyyət iqlim dəyişiklikləri, ekologiya, su ehtiyatlarının idarə edilməsi, bərpaolunan enerji, biotexnologiya, genetika, demoqrafiya, rəqəmsal əmək münasibətləri, şəhər planlaşdırılması və müasir aqrar texnologiyalar sahəsində də müşahidə olunur.
Halbuki qarşıdakı illərin qanunvericilik gündəliyini məhz bu mövzular müəyyənləşdirəcək.
Süni intellekt həkim qərarına təsir etdikdə məsuliyyəti kim daşıyacaq? Vətəndaşın biometrik məlumatları necə qorunacaq? Rəqəmsal platformalarda çalışan kuryerlərin əmək hüquqları necə tənzimlənəcək? İqlim dəyişikliyi su və ərzaq təhlükəsizliyinə necə təsir edəcək?
Bu suallar yalnız hüquqi redaktə ilə cavablandırıla bilməz. Hüquqşünasın hazırladığı normanın real həyatda necə işləyəcəyini qiymətləndirmək üçün texnoloji və elmi ekspertiza da lazımdır.

Parlament müasir çağırışlara cavab verirmi?
Buna yuxarıdakı araşdırmanın qısa cavab belədir, qismən.
Azərbaycan parlamentinin hüquq, iqtisadiyyat, beynəlxalq münasibətlər, səhiyyə və humanitar sahələr üzrə ciddi insan potensialı var. Xarici dil bilən, elmi dərəcəsi və dövlət idarəçiliyi təcrübəsi olan deputatların sayı kifayət qədər yüksəkdir.
Lakin parlamentin peşə strukturu daha çox son 30 ilin problemlərinə uyğun formalaşıb. Dövlət quruculuğu, hüquqi islahatlar, bazar iqtisadiyyatı və beynəlxalq münasibətlər bu tərkibdə əsas yer tutur.
Yeni dövr isə fərqli profil tələb edir. Söhbət daha çox hüquqşünas və ya iqtisadçı seçməkdən getmir. Söhbət hüquq və iqtisadiyyatla yanaşı, texnologiyanı, məlumatı, iqlimi, suyu, müasir kənd təsərrüfatını və gələcəyin əmək bazarını anlayan insanların qərarvermə prosesində iştirakından gedir.
1990-cı illərdə parlament cəmiyyətin istehsal strukturunu, kənd təsərrüfatını, sənayeni və rayon idarəçiliyini daha çox əks etdirirdi. İndiki parlament isə hüquqi-siyasi və akademik təbəqəni daha güclü təmsil edir. Məsələyə ümumi qiymət versək, yeni dövrün çağırışlarına deputatların tam cavab vermədiyini söyləmək olar.
Növbəti mərhələnin qarşıya çıxan əsas məqamı parlament keçmiş təcrübəni təmsil etməklə kifayətlənəcək, yoxsa gələcəyin problemlərini hələ yaranmamışdan əvvəl görə bilən mütəxəssislərə də yer açıb açmayacağıdır.
Çünki müasir parlamentin gücü deputatların neçə ali məktəb bitirməsi ilə məhdudlaşmır, qarşıdan gələn böhranları nə qədər erkən görməsi və onları qanunvericilik səviyyəsində qabaqlaya bilməsi ilə ölçülür.
Bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, dünya ölkələrinin deputatları ilə müqayisədə bizim millət vəkillərimiz bir çox istiqamət üzrə daha irəlidə görünə bilirlər.