ATƏT-in Minsk qrupunun ABŞ və Rusiyadan olan həmsədrləri Robert Bradtke və İqor Popov bu gün Bakıda prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıblar. Modern.az xəbər verir ki, vasitəçilər keçirdikləri brifnqdə Bakıdakı danışıqların müsbət və konstruktiv keçdiyini bildiriblər. “Mən həmişə olduğu kimi bu dəfə də Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına can atmasını müşahidə etdim. Biz dövlət katibi Hilari Klinton və prezident Barak Obama ilə birlikdə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə böyük əhəmiyyət veririk”,-deyə Bradtke bildirib.
Onun sözlərinə görə, yenilənmiş Madrid prinsiplərində tərəflərin razılaşma əldə etməli olduğu bəndlər var və vasitəçilər bu istiqamətdə işlərini davam etdirəcəklər.
Öz növbəsində Rusiyanın yeni həmsədri İqor Popov yeni vəzifə postunda varislik prinsipinə sadiq qalacağını və ona göstərilmiş etimadı doğruldacağını vəd edib. “Həmsədr dəyişikliyi ilə Rusiyanın Qarabağ nizamlanmasında mövqeyi dəyişməyəcək, çünki Rusiyanın mövqeyini həmsədr yox, prezident müəyyən edir”,-deyə Popov bildirib.
Məlumata görə, sabah həmsədrlər Moskvada tam tərkibdə danışıqları davam etdirəcəklər. Minsk qrupunun fransalı həmsədri Bernar Fasiye də sabah Moskvada həmkarlarına qoşulacaq.