Modern.az

Yetim uşağı himayəsinə götürənə 50 manat maaş veriləcək

Yetim uşağı himayəsinə götürənə 50 manat maaş veriləcək

Təhsil

24 Oktyabr 2013, 11:03


“Dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş planın icrası olaraq, Nazirlər Kabinetin 22 iyun 2012-ci il tarixli qərarına əsasən, sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 nömrəli və 3 nömrəli xüsusi internat məktəbləri şagird kontingentinin azalması səbəbindən birləşdirilib. 6 dekabr 2012-ci il tarixli qərara əsasən isə, Qusar şəhər internat məktəbi ləğv edilərək bazasında Qusar şəhər peşə-liseyi yaradılıb. Beləliklə, 2008-ci ildə ölkə üzrə dövlət uşaq müəssisələrinin sayı 55 olduğu halda, Dövlət Proqramı çərçivəsində görülən tədbirlər nəticəsində müəssisələrin sayı 42-ə enib”. Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd edilib ki, transformasiya olunmuş 13 müəssisə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən müəssisələr içərisindəndir. Dövlət Proqramının Tədbirlər Planına və Baş plana əsasən, uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin tədricən ailə əsaslı və icma əsaslı xidmətlər ilə əvəz olunması işinə başlanılıb. “Uşaqların müəssisəyə düşməsinin qarşısını almaq üçün yerli səviyyədə alternativ xidmətlərin təşkil edilməsi üzrə iş aparılıb. Bu məqsədlə Sabunçu, Xəzər, Suraxanı rayonlarında günərzi qayğı və reabilitasiya mərkəzləri yaradılıb. Daha iki reabilitasiya mərkəzi isə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyinə verilib. Nəticə etibarilə 503 nəfər uşaq alternativ xidmətlərə cəlb olunub.

Alternativ qayğı xidmətlərinə günərzi-qayğı və reabilitasiya mərkəzləri ilə yanaşı, ailə tipli kiçik qrup evi və himayədar (foster) qayğı xidmətləri də daxildir. Ailə tipli kiçik qrup evinin yaradılmasında məqsəd, övladlığa və ya himayədarlığa verilənədək uşağa ev şəraitində qayğı göstərməkdən ibarətdir”.

Məlumatda bildirilib ki, proqramın icrası olaraq 2012-ci ildə Təhsil Nazirliyi tərəfindən ailə tipli kiçik qrup evi tikilmiş və valideyn himayəsindən məhrum olmuş, daim müəssisədə yaşayan 10 nəfər qız (8-13 yaş arası) uşağı həmin evə yerləşdirilib. “Kiçik qrup evində yaşayan məktəb yaşlı uşaqlar evə yaxın ərazidə yerləşən ümumtəhsil məktəbində təhsil alırlar. Dövlət uşaq müəssisəsindən fərqli olaraq, kiçik qrup evində uşaqların ayrıca yataq otaqları, fərdi əşyaları, kompüter və yazı masaları var. Burada yaşayan uşaqların tərbiyəsi ilə növbəlilik qaydasında tərbiyəçilər məşğul olur.

Uşaqların hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən biri də uşaqlara doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin alınmasıdır. Belə ki, Dövlət Proqramı çərçivəsində Ədliyyə Nazirliyinin müvafiq dəstəyi ilə 118 nəfər uşağa doğum haqqında şəhadətnamə, Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq çərçivəsində 18 nəfər uşağa şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı köməklik göstərilib”.

Nazirliyin məlumatda bildirilir ki, Dövlət Proqramının xərclər smetasında uşaqların qaytarıldığı ailələrə maliyyə yardımının verilməsi ilə bağlı vəsait nəzərdə tutulmayıb. “Himayədar ailələrə uşağın saxlanması üçün maliyyə vəsaiti verilməlidir. Himayədar (foster) qayğı uşağın ailə mühitində tərbiyə olunmaq üçün müəyyən müddətə müqavilə əsasında himayədar ailəyə verilməsidir. Xəzər rayonu ərazisindəki müəssisələrdə yaşayan uşaqlar içərisindən himayədar ailələrə veriləcək 50 nəfər uşaq seçilib. Rayon ərazisində aparılmış təbliğat kampaniyası nəticəsində himayədar ailə olmaq istəyən  50-dən artıq namizəd ailənin qeydiyyatı aparılıb. Aparılmış maliyyə təhlilinə əsasən, himayədar ailəyə uşağın saxlanması üçün ayda 120 manat, qayğının göstərilməsi müqabilində isə 50 manat həcmində əmək haqqı verilməsi ilə bağlı təklif irəli sürülüb. Himayədar ailə olmaq istəyən şəxslərə təlimlərin keçirilməsi üçün təlim proqramları da hazırlanıb. Təlimlər Xəzər rayonunda yaradılmış Ailə təlim və məsləhət mərkəzində keçirilir. Mərkəzin yaradılmasında məqsəd himayədar ailələrə peşəkar təlimlərin keçirilməsi və ailədaxili münasibətlərdə gərginlik yarandıqda onlara psixoloji yardımın göstərməsinin təmin edilməsidir. Mərkəzdə uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədilə ərazidə yaşayan və yardıma ehtiyacı olan valideynlərə uşaq inkişafı və uşaqların tərbiyə edilməsi metodları ilə bağlı Ailə Təlim Proqramı çərçivəsində təlimlər keçirilir”.

Hazırda himayədar ailələrin maliyyələşmə mexanizmi aidiyyəti qurumlarla müzakirə olunur. Maliyyələşmə mexanizmi müəyyənləşdikdən sonra uşaqların himayədar ailələrə verilməsi prosesi həyata keçiriləcək. “Cari ildə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 228 nəfər uşaq rayon və şəhər icra hakimiyyətlərinin sərəncamı ilə həmin müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.

Dövlət Proqramının icrası olaraq Təhsil Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə üzrə ümumilikdə 589 nəfər uşağın dövlət uşaq müəssisələrinə  düşməsinin qarşısı alınıb. Son üç il ərzində Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 36 nəfər uşaq övladlığa verilib. Eyni zamanda, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası ilə birlikdə övladlığa, himayəyə və öz bioloji ailələrinə verilmiş uşaqlara nəzarətin təşkili və onların vəziyyətinin dövri monitorinqinin aparılması həyata keçirilir”.

 

Aytən ƏLİYEVA

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı