
“Ermənistanın Gömrük İttifaqına üzv qəbul olunmasında Azərbaycanın mövqeyi mütləq nəzərə alınmalıdır”. Modern.az saytı xəbər verir ki, Belarus prezidenti “MİR” telekanalının efirində bu açıqlamanı verib.
Belarus prezidentinə görə, Qazaxıstan Ermənistanın Gömrük İttifaqına üzvlüyünə qarşı olmasa da Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasına diqqət çəkir.
“Deməli, Azərbaycan tərəfindən suallar olacaq. Mən belə başa düşdüm ki, İlham Əliyev öz qazaxıstanlı həmkarına bu sualı artıq verib. Biz Azərbaycanın mövqeyi ilə hesablaşmalıyıq”.
O, qeyd edib ki, “Avropa öz tərkibinə belə problemli ölkələri qəbul etməyə tələsmir”.
Xatırladaq ki, Avrasiya Ali İqtisadi Şurasının iclası oktyabrın 24-də Minsk şəhərində keçiriləcək. İclasda Qırğızıstan və Ermənistanın təşkilata üzvlüyü məsələsi müzakirə olunacaq.
Vüqar İsmayılov