“Avropa Parlamentinin sonuncu addımı çox qeyri-ciddi bir qərardır. Bu qərar Avropa Parlamentini də pis vəziyyətə qoyur”. Bu sözləri YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Avropa Parlamentinin 9 oktyabrda keçirilən prezident seçkilərinin dünya standartlarına cavab vermədiyi barədə yaydığı bəyanatı Modern.az-a şərh edərkən deyib.
Deputatın sözlərinə görə, bir tərəfdən parlamentin bəzi nümayəndələri 9 oktyabrdakı seçkilərə müsbət rəy verir, digər tərəfdən isə parlament öz adından seçkiləri tanımadığını elan edir. “Sual olunur. Avropa Parlamenti nə zaman səmimi idi? Bir məsələyə iki təzadlı mövqe ortaya qoymaqda məqsədləri nədən ibarətdir? Avropa Parlamenti üçün kimin fikri önəmlidir? Seçkini birbaşa görən, ona qiymət verən nümayəndələrinə yoxsa Azərbaycanı ancaq xəritədə tanıyan, ölkəmiz haqqında təəssüratı müxalifət mətbuatından olan deputatlara? Bir daha sübut olundu ki, bəzi siyasi qurumlar özlərini qeyri-ciddi aparırlar”-deyə YAP-çı deputat qəzəbini gizlətməyib.
Qeyd edək ki, Avropa Parlamenti dünən açıqladığı rəydə seçki ilə bağlı ATƏT müşahidə missiyasının hesabatını dəstəklədiyini açıqlayıb. AP-nın seçkinin müşahidə missiyası isə Bakıda keçirdikləri mətbuat konfransında seçkilərin demokratik və şəffaf keçirildiyini bəyan etmişdilər.
Aqşin Kərimov