
“Milli Şura prezident seçkisində ciddi təşkilatlana bilmədi. Prezident seçkisi bitib, hazırda Milli Şuranın fəaliyyətinin hansı formada davam etdirilməsi ilə bağlı müzakirələr gedir. Əksəriyyət qurumun yaşamasının tərəfdarıdır. Mən də bu yolun düzgün olduğunu düşünürəm”.
Bunu Modern.az-a açıqlamasında Milli Şuranın hüquq komissiyasının rəhbəri Vidadi Mirkamal deyib. O bildirib ki, hazırda Milli Şurada idarəetmə orqanları yoxdur:
“Hesab edirik ki, legitim orqanlar təsis olunmalıdır. Bu Koordinasiya Şurası və ya Məşvərət Məclisi kimi bir şey ola bilər. İkincisi, Milli Şuranın status məsələsi həll edilməlidir. Belə davam edəcəksə, Milli Şurada strukturlar yaradılmalıdır və ilk növbədə də təmizləmə işləri aparılmalıdır. Müəyyən adamlar var, sessiyalara qatılmırlar. Təbii ki, bu adamlar oradan kənarlaşdırılmalıdır”.
V.Mirkamalın sözlərinə görə, Milli Şuranı seçki blokuna da çevirmək olar: “Orada birləşən partiyalar, qurumlar seçki bloku təşkil etməlidirlər. Hədəf də 2015-ci il parlament seçkiləri olsun. Bu əvvəlki formatdan fərqli olacaq. Yəni burada strukturlar 125 seçki dairəsi üzrə formalaşdırılacaq. Bu istiqamətdə də komanda toplamalıdırlar. Bunun üçün də seçki qanunvericiliyi dəyişməlidir”.
Milli Şuranın üzvü Müsavat Partiyası tərəfindən irəli sürülən funksional əməkdaşlıq təklifinə də münasibət bildirib: “Funksional əməkdaşlıq da ola bilər. “Müsavat”ın qoyduğu şərtlər budur ki, həmsədrlik olmasın və Milli Şuranın sədri Cəmil Həsənli olsun. Bütün bunlar müzakirə olunan məsələlərdir. Bunlar qəbul oluna da, olunmaya da bilər. Həmsədrlik İnstitutunun yaranması ehtimalı daha böyükdür. Çalışırıq ki, müzakirələrdə müsbət qərarlar qəbul olunsun”.
İlkin