
Yəqin ki, hər kəs heç olmasa bir dəfə ya bu məqamı yaşamışıq, ya da onun şahidi olub: salonunda musiqi səslənən avtomobil qəbiristanlığın yanına çatanda sürücü mütləq ya musiqinin səsini alır, ya da ki radionu tamam söndürür. Sanki bu proses baş verməsə, həmin şəxs dünyanın ən böyük günahını işlətmiş olacaq. Qəbiristanlığın yanında musiqi səslənirsə, bu həqiqətənmi günahdır, yaxud əxlaqa zidd davranışdır?
Modern.az-a açıqlamasında psixoloq Dəyanət Rzayev bildirib ki, Azərbaycan mentalitetində yaxşı cəhətlər çoxdur, amma hərdən insanlar bəzi şeyləri ifratçılıq dərəcəsinə gətirib çıxarırlar.
“İnsan dünyasını dəyişəndən sonra onun bu dünya ilə heç bir əlaqəsi olmur. Sonradan ona “Yasin” oxumaq, dua etmək ölü üçün heç nəyi dəyişdirmir. Bu, sadəcə bir ənənə kimi davam edir. Hər bir insanın daxilində bir qorxu hissi yaşayır. O zaman-zaman insanı idarə edir. Sözügedən məsələyə psixiatriya nəzərindən baxanda, deyə bilərəm ki, bu aktiv kantuiziv pozuntudur. Hamısı qorxudan irəli gəlir. Qəbiristanlığın yanından keçərkən musiqinin səsinin alınması və başqa hərəkətlər yüngül psixoloji pozuntularla bağlıdır. Qəbiristanlığın yanında musiqinin səsinin alınması və s. qorxu hissinin təzahürüdür. İnsanlar sanki nə iləsə özlərinə təsəlli verirlər. Musiqinin səsini almaq nevrozla əlaqədardır. Sən musiqinin səsini aldın, almadın bunun heç bir fərqi yoxdur”.
“Əjdər bəy” məscidinin imam-camaatı Hacı İlham isə bunun tam əksini söylədi: “Sizcə elə şey olar ki, qəbiristanlığın yanından keçib maşında musiqini kəsməyəsən? Biz böyüklərimizdən bu cür görmüşük, özümüz də ona riayət edirik. İnsanın qəbirstanlığın yanından keçərkən axirəti barədə düşünməməsi mümkünsüzdür. Böyüklərimiz bunu edib ki, biz də indi buna sadiqik. Mən bir din xadimi kimi ancaq bunu deyə bilərəm”.
Elmin Nuri