Masallıda Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” çoxcildliyinin ictimai müzakirəsi keçirilib.
Modern.az xəbər verir ki, bir neçə gün əvvəl Dövlət Mükafatları Komissiyası elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 2014-cü ilin Dövlət mükafatlarına təqdim edilən işlərin siyahısını vermişdi.
Dövlət Mükafatlarına irəli sürülmüş işlərlə ictimaiyyətin geniş tanış olması və müvafiq rəylərin bildirilməsi məqsədilə idarə və təşkilatlardan, ictimai və yaradıcı birliklərdən xahiş olunub ki, təqdim edilən işlərin müzakirəsini təşkil etsinlər.
Qeyd edək ki, bu siyahıda xüsusi diqqət çəkən namizədlərdən biri ədəbiyyat sahəsi üzrə Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” 6 cildlik roman-tədqiqatıdır. Bu əsəri maraqlı edən məqamlardan biri onun ədəbiyyat sahəsində yeganə namizəd olması ilə yanaşı, həm də dahi şəxsiyyət Heydər Əliyevin həyat və yaradıcılığını real faktlar, xatirələr və arxiv sənədləri əsasında əks etdirməsidir.
Dövlət Mükafatları Komissiyasının tövsiyyəsini nəzərə alaraq Masallıda Heydər Əliyev Mərkəzində rayon ziyalıları və ağsaqqallarının iştirakı ilə bu əsərin ictimai müzakirəsi keçirilib.
Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qeyd edib ki, bioqrafik kitabların aludəçisi olaraq çox əsərlər oxuyub: “Ümummilli liderimiz haqqında da çoxlu kitablar yazılıb. Amma bu kitab səviyyəsində ikinci kitaba rast gəlməmişəm. Sevindirici haldır ki, bu çoxcildliyin ilk təqdimatı da Masallıda keçirilib və Dövlət Mükafatı ilə əlaqədar ilk ictimai müzakirə də Masallıda təşkil olunub. Elmira Axundovanın yazdığı bu kitab əliyevşünaslıq, Heydər Əliyev irsinin öyrənilməsi üçün əvəzolunmaz əsərdir. Məncə Dövlət Mükafatları Komissiyası əsərin keyfiyyətini nəzərə alaraq ona alternativ görmədiyi üçün ədəbiyyat sahəsində yeganə iş kimi “Heydər Əliyev: Şəxsiyyət və zaman” əsərini təqdim etmişdir”. Rafil Hüseynov bu kitabın yazılmasına şərait yaratdığı üçün ölkə başçısına və onun ailəsinə də xüsusi təşəkkürünü bildirib.
Sonda Elmira Axundova çıxış edərək rayon ziyalılarına təşəkkürünü bildirib.
O qeyd edib ki, bu əsərdə Masallı və masallılar barədə məlumatlar yer alıb. Belə ki, 90-cı illərin əvvəlində bədnam Əlikram Hümbətov cənub bölgəsində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı çıxanda, xalqı düşmənçiliyə, separatçılığa səsləyəndə ilk olaraq Masallı əhalisi ona qarşı çıxdı və müqavimət göstərdi: “Bu separatçı Əlikram xalqımızın düşməni olan ermənilərlə əlbir olaraq son illər Rusiya, Avropa, Ermənistanda konfranslarda iştirak edir, dövlətçiyimizə qarşı çağırışlar edir. Hamımız gözəl bilirik ki, ölkəmizin müstəqil siyasətini sevməyən, bizə təzyiq göstərmək istəyən qüvvələr var. Biz gərək Ukrayna hadisələrindən ibrət götürək. Dərk etmək lazımdır ki, bizim gücümüz birliyimizdədir. 90-cı illərdə bütün xalq ulu öndərin ətrafında birləşdi və biz dövlətçiliyimizi qoruya bildik, indi isə prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməli, müstəqilliyimizi göz bəbəyi kimi qorumalı, onu gələcək nəsillərə ötürməliyik”.

Modern.az