Modern.az

Elxan Süleymanov:”Sərsəng problemi ermənilərin soyqırım siyasətinin bir hissəsidir”

Elxan Süleymanov:”Sərsəng problemi ermənilərin soyqırım siyasətinin bir hissəsidir”

Təhsil

29 Aprel 2014, 13:49


“Sərsənglə bağlı problem ermənilərin bizə qarşı 1905-ci ildən bəri yürütdükləri soyqırım siyasətinin tərkib hissəsi kimi qəbul edilməlidir”. Modern.az xəbər verir ki, bunu AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov bildirib. AVCİYA mart ayının 28-də azərbaycanlıların soyqırımı ilə bağlı jurnalistlər üçün Şamaxıya təşkil etdiyi press-turda, ermənilərin azərbaycanlılara qarşı başladıqları soyqırım siyasətinin 110 illiyi ilə yeni layihəsini elan edib.

“Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) öz fəaliyyətini Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli maraqlarının təmin edilməsinə həsr edib, bu istiqamətdə bir çox layihələr həyata keçirib. Bu kontekstdə AVCİYA-nın fəaliyyətində prioritet istiqamətlərdən biri ermənilərin Azərbaycan xalqına qarşı sistemli və davamlı şəkildə həyata keçirdiyi soyqırım cinayətləri, Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzü, işğal altında olan ərazilərdə xalqımıza qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olub. Bu layihənin əsas məqsədi erməni millətçilərinin, erməni silahlı birləşmələrinin 1905-ci ildən başalayaraq azərbaycanlılara qarşı düşünülmüş, planlaşdırılmış və sistemli şəkildə silahlı basqınlar, kütləvi qırğınlar və soyqırım cinayətləri həyata keçirdiklərini dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Təkcə 1905-1907-ci illərdə ermənilər genişmiqyaslı qanlı əməliyyatlar həyata keçirib, azərbaycanlılara məxsus yüzlərlə yaşayış məntəqəsini yerlə yeksan edib, on minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetiriblər. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qanlı əməliyyatlar və soyqırım sonrakı dövrlərdə də davam etdirilibdir və bu qanlı cinayətlər Cənubi Qafqazın etnik azərbaycanlılara məxsus olan bütün yaşayış məntəqələrini əhatə edibdir.

Tarixi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradıldıqdan sonra isə soyqırım siyasəti Ermənistan dövləti səviyyəsində davam etdirilibdir. Ermənilərin törətdikləri soyqırım cinayətləri nəticəsində son yüz il ərzində 2 milyondan artıq azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib və öz tarixi torpaqlarından didərgin salınıbdır. Dünya erməniləri 2015-ci ildə Osmanlı dövlətində onlara qarşı guya həyata keçirilmiş qondarma soyqırımın 100 illiyini qeyd etməyə hazırlaşırlar. Bizim layihənin əsas məqsədlərindən biri də ermənilərin bu iddialarının saxta olmasını, onların 100 il əvvəl heç bir soyqırıma məruz qalmadıqlarını, əksinə ermənilərin 110 il əvvəl Azərbaycan xalqına qarşı soyqırım cinayətləri həyata keçirməyə başladıqlarını dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Bir sözlə, bizim əsas məqsədimiz ermənilərin 100 ildir davam edən yalanını və riyakarlığını darmadağın etmək, ermənilərin soyqırıma məruz qalmış xalq olmadığını, əksinə Azərbaycan xalqına qarşı soyqırım cinayətləri törətmiş olduqlarını dünya ictimaiyyətinə çatdırmaqdır. Artıq bir aydır layihə çərçivəsində 1905.az saytı fəaliyyət göstərir, saytda mövzu ilə bağlı sənədlər, elmi araşdırmalar, tanınmış mütəxəssislərin tədqiqat və müsahibələri yerləşdirilibdir. Layihə çərçivəsində müxtəlif dillərdə kitabların nəşr edilməsi, beynəlxalq konfransların keçirilməsi, mütəmadi olaraq dünya mətbuatında məqalələrin yerləşdirilməsi nəzərdə tutulubdur.

Qeyd etməliyəm ki, indiyə qədər həyat mənbəyi hesab edilən su Ermənistan dövləti tərəfindən Azərbaycan xalqına qarşı silah kimi istifadə edilir. 23 ildən artıq işğal altında qalmış Sərsəng su anbarının 6 cəbhəyanı rayonda məskunlaşmış 400.000 mülki əhali üçün real təhlükə mənbəyinə çevrilməsi, Ermənistan hakimiyətinin bu su anbarının yüksəklikdə yerləşməsindən istifadə edərək istənilən an planlı və düşünülmüş şəkildə cəbhəyanı azərbaycanlı əhalinin kütləvi şəkildə məhv etmək məqsədilə silah kimi istifadə edəcəyi şübhə doğurmur. Ermənistanın sudan Azərbaycana qarşı silah kimi istifadə etməsi bu günlərdə daha parlaq şəkildə öz təsdiqini tapdı.

Belə ki, 23 apreldə Ermənistan Milli Elmlər Akademiyasının illik hesabatında erməni akademik Ruben Crbaşyan Sevan gölünün vacib “siyasi” və “strateji” əhəmiyyəti haqqında danışaraq, deyib: “Sevan gölündən axan suyunun 20-30% öz ərazilərində istifadə edilir, qalan 70% isə Naxçıvana yönəldilir”. Ermənistanın prezidenti S.Sarkisyan təəccüblənərək, akademikin dediklərinə cavab olaraq demişdir: “Bilin ki, Sevandan bir damla da su Azərbaycana getmir”. Mən coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılovdan Sevan (Göyçə) gölündən Naxçıvana suyun axıb-axmaması məsələsinə aydınlıq gətirməyi xahiş etdim. O, bildirdi ki, “Sevan gölündən Naxçıvana heç bir çay axmır. Ümumiyyətlə, Ermənistandan Naxçıvana yalnız Arpa çay axır və onun suyunun çox hissəsi tonnel vasitəsi ilə Sevana yönəldilibdir”. Hesab edirəm ki, AŞPA-da Sərsəng su anbarı ilə bağlı məruzəçinin təyin ediləcəyi ərəfədə Ermənistan tərəfinin belə təxribat xarakterli məlumat yayması təsadüfi deyil.

Maraqlıdır ki, bir neçə gün əvvəl Ermənistan KİV-də Sərsəng su anbarı ilə bağlı məruzəçinin təyin edilməsi məsələsinin gündəmdə olmadığı haqqında da yalan məlumat yayılıb. Yeri gəlmişkən 24 apreldə ermənilər növbəti dəfə qondarma soyqırım hadisələrinin ildönümünü qeyd etiblər. Bununla bağlı vurğulamaq istərdim ki, ermənilər soyqırıma məruz qalmış xalq deyil, soyqırım törədən xalqdır. Digər tərəfdən, Türkiyə Cumhuriyyəti 1915-ci il hadisələrinin elmi şəkildə araşdırılması üçün ortaq tarixi komissiya yaradılması haqqında çağırış edib və bu çağırış hələ də qüvvədədir. Türk, erməni və beynəlxalq tarixçilərdən ibarət ortaq komissiyanın yaradılması 1915-ci il hadisələrinin obyektiv qiymətləndirilməsində önəmli rol oynaya bilər. Əfsuslar olsun ki, erməni tərəfi belə bir səlahiyyətli ortaq komissiyanın yaradılmasına ehtiyac olmadığını bildirir və bununla da məsələnin obyektiv həllində maraqlı olmadığını bir daha sübuta yetirmiş olur.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı