“Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun həbs olunması üçün əsasın olub-olmamasını hüquq-mühafizə orqanları müəyyənləşdirməlidir. Mən təəssüf edirəm ki, məsələ bu həddə gəlib çatdı”. Bunu Modern.az saytına Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun əri Arif Yunusun saxlanılmasına münasibət bildirərkən deyib. A. Nağı qeyd edib ki, neçə ildir L. Yunus, A. Yunus, Arzu Abdullayeva, Zərdüşt Əlizadə və digər “xalq diplomatiyası” tərəfdarı olan insanlarla söhbətlər aparılıb. “Biz onların inandırmağa çalışdıq ki, bu yanlış yoldur. Biz heç vaxt kiminsə tutulmasına, həbs edilməsinə sevinməmişik”. A. Nağı bildirib ki, “xalq diplomatiyası” na qarşı QAT-ın keçirdiyi aksiyaların, sözügedən şəxsləri ermənilərlə olan tədbirlərini pozmasının əsas məqsədi onları düzgün yola yönəltməyə xidmət edib. QAT rəhbərinin sözlərinə görə “xalq diplomatiyası”nın tərəfdarlarının əsas simaları səhv yolda olduqlarını anlamadılar. “Arzum odur ki, obyektiv istintaq işi aparılsın. Yunusovların günahları varsa cəzalandırılsın, təqsirləri yoxdursa, azad olunsunlar”.
Qeyd edək ki, L. Yunus və A. Yunusu Qətərin paytaxtı Dohaya yola düşmək istərkən hüquq-mühafizə orqanları tərəfindən aeroportda saxlanılıblar.
Aqşin Kərimov