Modern.az

Heysiyyatımızı doğru anlayaq!-Mirşahindən yeni cavab

Heysiyyatımızı doğru anlayaq!-Mirşahindən yeni cavab

Təhsil

5 May 2014, 07:24

ANS ÇM radiosunda hər şənbə, saat 19.00 və 20.00 arası efirə gedən «Qafqaz top 20» musiqili verilişində erməni mahnılarının səsləndirilməsi Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb. ANS rəhbərliyi bu məsələyə görə ciddi tənqidlərə məruz qalıb. 

 

ANS-in vitse prezidenti “Hesabat” proqramında ittihamlara yeni cavab verib.  

 

Hərdən məndə elə təsəvvür yaranır ki, kimlərsə nə sülh, nə də müharibə şəraitinə öyrəşib, adətkar olub

   

Deməli bir az əvvəldən başlayırıq. Qardaşlar və bacılar, əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır, elə? Razılaşdıq? Bunu birdəfəlik bilək, sonrası asan olacaq. Ərazi bütövlüyünün bərpası bir aktlıq tamaşa deyil. Burda sınanası o qədər yol var ki. Siyasi hakimiyyətin cəhdlərini müzakirə etməyəcəyik. Hər halda elə bu səylərin nəticəsidir ki, prezident faktiki məğlubiyyətimizi hüquqi qələbə kimi rəsmiləşdirməyə imkan verməyib. Dövlətin məsələyə öz yanaşması var. Öz strategiyası var. Bir halda ki, Qarabağ münaqişəsinin həllini tapşırdığımız dünyanın ən güclü 3 dövləti - Birləşmiş Ştatlar, Rusiya və Fransa beynəlxalq poçtalyon statusundan uzaq getmir. Birləşmiş Ştatların ATƏT-in Minsk Qrupundakı həmsədri Uorlik isə Novruz Məmmədovun təbirincə desək, problemi “Twitter” vasitəsilə həll etmək istəyir, onda qabaqda gedən zəncirliləri geri çəkmək istəyən Azərbaycanı başa düşmək olar. Amma indi zəncir də bizim əlimizdə deyil axı. İndi isə keçək bizə vəzzariyyat oxuyanların qarşısına. 


Əzizlərimiz, gəlin əvvəlcə aydınlaşdıraq, bu vətənpərvərlik, ermənilərlə bütün sahələrdə güzəştsizlik, təcrid ideyasını, Ermənistanın Azərbaycana təcavüzü davam edir! ifadəsini ardıcıl və məqsədli olaraq kimdən eşitmisiniz? ANS-dən! Keçmiş xarici işlər nazirimiz Tofiq Zülfüqarov sərrast şəkildə demişdi: “Bü gün ANS cəmiyyətdə hərarəti saxlamaqla məşğuldur”. ANS bunu forma olaraq etmir, bu bizim məzmunumuzdur, mahiyyətimizdir! Bəlkə də ANS-in yaranmasını Allah elə ona görə məsləhət bilib ki, bu ideyanı daşısın və aşılasın.


İndi ANS-in üstünə qocaman maşının farasına qonan kəpənəklərin nəzərinə. Xudavəndi-aləm görün bir nə baş verib. Dünya dağılıb, həftənin bir günü, onlarla Qafqaz mahnısının içində 2-3 dəqiqəliyinə bir erməni mahnısı da efirə verib. Yerlər göylər qarışıb, aləmlər mayallaq aşıb, dünya alt-üst olub. Bizə vətənpərvərlik dərsi keçən müdavimlərimiz bayaq dediyim kimi məqsədimiz Azəbaycanın ərazi bütövlüyünün bərpasıdır. Bu məqsədə çatmaq üçün bütün mümkün vasiltələrdən istifadə olunmalıdır. Hər kəs bacardığı kimi. Amma ba-car-dığı kimi! İlk dəfə sülh missiyasına təşəbbüs göstərən elə ANS olub. 1992-ci ildə Ermənistan tərəfilə danışıqlar aparıldı, razılaşdırıldı ki, onların jurnalisti bura, bizim jurnalist isə Ermənistana getsin. Ermənilər bizi aldadıb Azərbaycana razılaşdırdığımız kimi, erməni yox buryat Eduard Saxinovu göndərdilər. Biz isə elə ilk təcrübəmizdə gördük ki, qarşı tərəfə etibar etmək olmaz. Amma o saat ruhdan da düşmədik, sonralar da belə təşəbbüsləri müxtəlif vaxtlarda təkrarladıq. Bu həmin ANS-dir ki, “Atəş xətti” layihəsində ermənilərlə azərbaycanlıların debatlarını təşkil edib və görüb ki, qarşı tərəf balıq kimi sürüşkəndir. Bu həmin ANS-dir ki, ermənilərin ən qatı millətçilərinin təmsil olunduğu “Daşnaksütun” partiyasının nümayəndəsi Kiro Manoyanın Bakıya səfəri zamanı onunla Azərbaycan siyasətçisinin debatını keçirib. Amma əmin olub ki, Ermənistan bu yola gələn deyil. Ondan sonra birmənalı olaraq elan etmişik ki, heç bir belə görüş olmamalıdır. Ermənistanın hərtərəfli təcrid olunması kursuna da yatıb yuxuda gəlməmişik. Ağlı başında qəbul etmişik ki, Ermənistana getmək, onlarla hər hansı iş birliyində olmaq yolverilməzdir. Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanı bütün beynəlxalq layihələrdən təcrid etmək xətti ona gətirib çıxarıb ki, Ermənistan tam asılı vəziyyətə düşüb.


ANS guya cəmiyyətin heysiyyatı ilə oynayır, hə? Bizim heysiyyatımızla hə? O, heysiyyatımızla ki, babalarımızın, atalarımızın, analarımızın hətta körpə balalarımızın qəbirlərini qoyub didərgin düşməyimizdən oynamır. Bir erməni havasına oynayır bu heysiyyat? Nə oynağan heysiyyatımız varmış bizim. Ermənistana getməyin! Deyirdik, özünüzü zibilə salacaqsınız deyirdik, guya “Xalq diplomatiyası” adı altında sizi pis yola çəkirdilər, Ermənistana aparan yola çəkirdilər, biz buna qarşıyıq-deyirdik. Yenə də deyirik, Ermənistana getmək olmaz! Bəs ermənilərin Bakıya gəlişi, qayıdışı yox a, gə-li-şiii! ? Bax bunu sınamaq olar. 

Bir vaxtlar Bakıya gəldiyinə görə bu şilləni alan erməni başqa zamanın içində qaldı. Onda dost əli ilə bu şillə Andronikinin qulaq yerində başqa bir zəng çalmışdı. İndi isə başqa zamandır, biz elə etməliyik ki, ermənilər gəlib Azərbaycanı görsünlər. Bakını onun hardan hara sıçradığını görsünlər. İkinci dünya müharibəsindən xatırladığımız bir sindrom var. Sovet sindromu deyərdilər adına. Almaniyaya gedən Sovet turistlər ordan qayıdanda uzun müddət bu sindromdan əziyyət çəkirdilər. Bir halda ki, biz qalib gəlmişik, onda niyə Almaniya inkişaf edir, eynilə daxili vəziyyəti ermənilərə yaşatmaq lazım deyil sizcə, qoy gəlsinlər qayıtsınlar və gedib özlərindən soruşsunlar. Bir halda ki, Qarabağda biz qalıb gəlmişik, onda niyə Ermənistan bu gündədir. Onların Bakıya hər səfəri erməniləri uzun müddət sarsıdacaq zərbədir. Onlar rahat, tolerant, işıqlı və abad Azərbaycanı görüb ən azı öz içlərində Ermənistanla müqayisə edəcəklər. Bu gün biz bir erməni mahnısını Azərbaycana, həftədə bir dəfə Qafqaz xalqlarının mahnıları arasında gətiririksə, bunun qanadını qırmaq lazım deyil, bəyanatlarımızda çox ehtiyatlı olmalıyıq. Xüsusilə dövlət strukturları gərək yüz ölçüb, bir biçsinlər. Məgər Serj Sarkisyan bir toyda bir vayda demir ki, Azərbaycanda ermənifobiya var. Bizim dövlət qurumumuz da bəyan edir və bununla Sarksiyanın xofunu rəsmən təsdiqləyir ki, erməni mahnısı səsləndirdiyinə görə, ANS ilə bağlı qanun çərçivəsində tədbir görüləcək. Gəlin başımızla, beynimizlə fikirləşək... 



Əksinə başa düşmürsünüz belə dayanın, gözləyin. Necə deyərlər, öyrəşdiyiniz kimi, öz-özünüzə deyin, yəqin belə məsləhətdir, bilmədiyiniz işə burnunuzu soxmayın. Sonra başa düşəcəksiniz… İnanın bizə… Sadəcə inanın...


Bilirsiniz, hərdən məndə elə təsəvvür yaranır ki, kimlərsə, artıq indiki vəziyyətə, nə sülh, nə də müharibə şəraitinə öyrəşib, adətkar olub. Şikəst öz şikəsliyinə öyrəşən kimi. Onun beynində Azərbaycanın ərazi bütövlüyü artıq çoxdan 20 faizsizdir. 


Bilirsiniz Azərbycanın ərazi bütövlüyü uğrunda ölmək ən asanıdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda yaşamaq da çətin. Ona görə ki, yaşamağın içində hər gün hər saat mübarizə aparmaq var.


   
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı