Sabunçu rayonunda yerləşən və daha çox “kriminal xəstəxana” kimi tanınan 3 saylı şəhər klinik xəstəxanasının baş həkimi Xəlil İdris oğlu Məmmədov işdən çıxarılıb.
Bu barədə virtualaz.org saytına həmin xəstəxanadan məlumat verilib. 3 saylı xəstəxanaya baş həkim də təyin edilib. Bu vəzifə Fikrət Məhəmmədəli oğlu Zeynalova həvalə olunub.
Qeyd edək ki, F.Zeynalov buna qədər “kəndçilər xəstəxanası” kimi tanınan Fuad Əfəndiyev adına 4 saylı şəhər klinik xəstəxanasının baş həkimi olub. 4 saylı şəhər xəstəxanası bağlanandan sonra xəstəxananın bir hissəsi 3 saylı xəstəxananın ərazisinə köçürülüb.
X.Məmmədovun işdən çıxarılması səhhəti ilə əlaqələndirilir.
Səhiyyə Nazirliyindən virtualaz.org-a daxil olan məlumatda isə deyilir ki, nazirliyin “qaynar xətt” xidmətinə daxil olan şikayətlərin əksəriyyəti 3 saylı xəstəxanadakı tibbi xidmətlə bağlı olur. Çünki xəstəxana əsasən kriminal hadisələr, qəzalar zamanı yaralananları qəbul edir, əhalinin aztəminatlı təbəqəsi ilə işləyir. Bundan əlavə, nazirliyin qərarı ilə şəkərli diabet xəstəsi olan hamilə qadınlar yalnız 3 saylı xəstəxanaya ünvanlandırılır.
Xatırladaq ki, “Semaşko” kimi tanınan Kliniki Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov da nazirliyin qərarı ilə vəzifəsindən kənarlaşdırılaraq yeni istifadəyə verilən Bakı Sağlamlıq Mərkəzinə baş həkim göndərilib.
Kliniki Tibbi Mərkəzin baş həkimi vəzifəsinə isə Səhiyyə Nazirliyinin Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Sultan Əliyev təyin olunub. Sultan Əliyev uzun müddət nazirlikdə şöbə müdiri işləyib. Baş həkimin yaşının 75-ə yaxın olduğu bildirilir.
Modern.az