Modern.az xəbər verir ki, bu gün Sumqayıt şəhərində Təhsil Nazirliyi tərəfindən ilk peşə ixtisas təhsil müəssisələri üçün alınan kənd təsərrüfatı texnikalarının təqdimatı keçirilib. Rusiya, Belarus və Türkiyə istehsalı olan 30 adda 37 yeni texnika və avadanlıqlar bölgələrdə yerləşən təhsil müəssisələrində əyani vasitə kimi istifadə olunacaq. Təhsil Nazirliyinin əsaslı tikinti-təchizat idarəsinin loqistika üzrə mütəxəssisi Samir Məmmədov sözlərinə görə, ilk peşə-ixtisas təhsili müəssisələrinə ən sonuncu dəfə müvafiq texniki avadanlıq və vasitələr 25-30 il əvvəl verilib. O bildirib ki, ölkə iqtisadiyyatın aparıcı sahələrindən biri olan kənd təsərrüfatı sektorunun yüksən ixtisaslı kadrlarla təmin edilməsi əsas istiqamətlərdəndir:
"Əyani və texniki vasitələrlə təlim keçmiş, zəruri peşə vərdiş işlərinə, bilik və bacarıqlara yiyələnmiş ilk peşə ixtisası təhsili müəssisələrinin hazırlanması vacib amildir. Texnika və avadanlıqlara malik olması ilk peşə ixtisas təhsili müəssisələrinə qanunvericiliyə uyğun olaraq əlavə maddi gəlir əldə etmək imkanı verir".
S. Məmmədov əlavə edib ki, bu istiqamətdə aparılan islahatların əsas məqsədi kənd təsərrüfatı üzə ilk peşə ixtisas təhsili müəssisələrində kadr hazırlığı işinin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.
Rafiq Qəmbərov