
“Rəsul Cəfərovun iştirakı ilə söhbət aparıb qərara gəldik ki, 30 nəfərə yaxın siyasi məhbusun adı siyahıya salınsın. Həmin siyahını da Prezidentə göndərdik və dövlət başçısına müraciətdə bildirdik ki, siyahıda olanların əfvini məqsədəuyğun hesab edirik”.
Bunu Modern.az-a açıqlamasında hüququ müdafiəçisi Səidə Qocamanlı deyib. Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, həmkarları Rəsul Cəfərov, Emin Hüseynov və Rəşid Hacılı da 30 nəfərlik siyahı ilə razılaşıb:
“Amma yüz nəfərlik siyahıdan mənim xəbərim yoxdur. Rəsul Cəfərov bizə bildirdi ki, onun siyahısında 90 nəfər siyasi məhbusun adı var. Bizim təşkilat 29 nəfərin adını açıqlayıb. Birlikdə qərar verdik ki, 30 nəfərə yaxın adamın adını Prezidentə əfv olunmaq üçün göndərək. Həmin siyahını həmçinin Avropa Şurasına da göndərdik”.
S. Qocamanlı hüquq müdafiəçisi Rəsul Cəfərovun Avropa Şurasına təqdim edəcəyi 100 nəfərlik siyahıdan xəbərsiz olduğunu vurğulayıb: “Avropa Şurasına hamı siyahı təqdim edir, söhbət ondan gedir ki, siyahı nə dərəcədə obyektivdir”.
Qeyd edək ki, hüququ müdafiəçisi Rəsul Cəfərov “BBC Azərbaycanca”ya açıqlamasında Azərbaycanda vahid siyasi məhbus siyahısının hazırlandığını və Avropa Şurasına yay sessiyası qabağı təqdim olunacağını bildirib. Hüquq müdafiəçisi siyahıda 100-dən artıq siyasi məhbusun adının olduğunu vurğulayıb.
Gülşən Raufqızı