Mədəniyyət sahəsində bir sıra qurumlar ki, onlar haqqında mətbuat demək olar ki, bir ildən çoxdur ki, bircə dənə olsun xəbər verməyib. Məsələn, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Rəssamlar İttifaqı, Teatr Xadimləri İttifaqı, Kinematoqrafçılar İttifaqı və s. Sonuncu məlum səbəblərdən, yəni rəhbəri olan Rüstəm İbrahimbəyovun siyasi fiqura çevrilməsi üzündən, eləcə də rastlaşdığı vergi və qərargah problemi üzündən bir-iki dəfə yada salınıb. O da keçən il.
2014-cü ilin beşinci ayını yaşamağımıza baxmayaraq heç bir saytda adını çəkdiyimiz qurumlar barədə bir informasiya görmək mümkün deyil. Modern.az bu qurumların hazırkı fəaliyyəti, nə dərəcədə aktiv olmalarını istiqamətində müntəzəm olaraq yazılar dərc edir. Bu dəfə Teatr Xadimləri İttifaqının fəaliyyəti diqqətimizdədir. Çünki sənət ittifaqları içərisində bu qurum ən yaşlısıdır.
Düz 1897-ci ildə yaranmış bu təşkilat “Artistlər İttifaqı” adı ilə fəaliyyətə başlayıb, 300-dək artist və səhnə həvəskarını tərkibində birləşdirib. 1920-ci ildən “Türk Aktyorlar İttifaqı”, 1948-ci ildən “Azərbaycan Teatr Cəmiyyəti ” kimi fəaliyyətini davam etdirən bu qurum, 1987-ci il 27 fevral tarixli təsis konfransının qərarı ilə Azərbaycan Teatr Xadimləri İttifaqı adlandırılıb.
Sovet hakimiyyəti dönəminə qədərki illərdə Teatr Xadimləri İttifaqının sələfləri olan teatr birlikləri və cəmiyyətlərinə Sultan Məcid Qənizadə, Əbdürrəhim bəy Haqverdiyev, Həbib bəy Mahmudbəyov, Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları, Abbas Mirzə Şərifzadə kimi maarifpərvər ziyalılar başçılıq edib. Sonralar isə Teatr Cəmiyyətinə xalq artistləri Şövkət Məmmədova, Rza Təhmasib, Mərziyə Davudova, Mustafa Mərdanov, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Lütfiyar İmanov, Həsənağa Turabov rəhbərlik ediblər. Hazırda Azərbaycan Teatr Xadimləri İttifaqının sədri xalq artisti, rejissor Azərpaşa Nemətovdur.
800 üzvü olan İttifaqın bugünkü vəziyyəti barədə Azərpaşa Nemətov danışmaq istəmir: “İndi qəti vaxtım yoxdur. Bu saat bir tamaşaya baxmağa gedirəm. Sonra isə xaricə uçacağam. Gələn həftənin əvvəllərində Bakıda olacağam”.
Elmin Nuri