Modern.az

Fövqəladə Hallar Nazirliyi çimərliklərlə bağlı İcra hakimiyyətlərinə irad bildirib

Fövqəladə Hallar Nazirliyi çimərliklərlə bağlı İcra hakimiyyətlərinə irad bildirib

Təhsil

16 May 2014, 17:20



“Artıq yeni çimərlik mövsümü ilə əlaqədar işlərə start verilib”. Bunu Modern.az-a Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Mansur Piriyev bildirib.  Onun sözlərinə görə, Xilasetmə Xidməti il boyu, eyni zamanda çimərlik mövsümü ərəfəsində hazırlıq prosesini, təbliğat məsələlərini daha da gücləndirir.
Yeni mövsümə hazırlıq dövründə Sabunçu və Qaradağ rayonlarında yerləşən çimərlik və qeyri-çimərlik sahələrində monitorinqlər keçirilib: “Monitorinqlərin nəticəsi ilə bağlı keçirilən müşavirələrdə rayon icra hakimiyyətləri, bələdiyyə sədrləri, məktəb direktorları, Gigiyena və Epidemologiya Mərkəzinin nümayəndələri, yerli polis idarələrinin rəhbərləri, istirahət obyektlərinin sahiblərinin iştirakı ilə hansı problemlərin olduğu, görülən işlər, çimərliklərin vəziyyəti haqqında məlumat verilib”.

Sektor müdirinin fikrincə, əsas problemlər çimərliklərə gedən yolların abadlaşdırılmaması, ərazidəki tullantıların yığışdırılmaması ilə bağlıdır: “Ən başlıcası odur ki, çimərlik mövsümü bitəndən sonra sahibkarlar oradakı tullantıları yığışdırmırlar. Nəticədə həmin tullantılar çimərliyin suyuna qarışaraq natəmizlik yaranmasına, növbəti mövsümdə işlərin çətinləşməsinə səbəb olur. Bundan başqa, bəzi insanlar çimərlik ərazisindən özlərinə lazım olan qədər qum daşıyırlar. Bu, qanunsuzluqdur. Çimərlik ərazisinə qrunt, kanalizasiya suları axıdılır, bəzən orada istirahət üçün tikilən obyektlərin özü də problemlərin yaranmasına səbəb olur. Biz bu barədə icra hakimiyyətlərinə məlumatlar vermişik”.

M. Piriyevin dediyinə görə, çimərlik mövsümü yaxınlaşdıqca xilasedicilərin də ixtisaslarının artırılması istiqamətində tədbirlər həyata keçirilir: “400-dən artıq şəxsi heyətimiz ilboyu su hövzələrinin kənarında xilasetmə işlərinə hazır vəziyyətdə olurlar”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı