Modern.az

Azərbaycan Asiya bölgəsində güclənir-TƏHLİL

Azərbaycan Asiya bölgəsində güclənir-TƏHLİL

Təhsil

23 May 2014, 08:49

Bu ilin mayın 18-dən 19-ə qədər Azərbaycan Prezidenti Vyetnam Sosialist Respublikasında rəsmi səfərdə oldu.  Səfər zamanı İlham Əliyev və Vyetnam prezidenti Truonq Tan Sanq arasında ikitərəfli danışıqlar aparıldı.

  İki ölkə arasında mövcud olan iqtisadi və siyasi əlaqələrin hazırki səviyyəsi müzakirə olundu.

 

 

Prezidentlərin görüşü zamanı da bu məsələyə diqqət yönəldildi. Azərbaycan prezidenti İlham Əliyev Vyetnamın dəniz sərhədlərini tanıdığını bəyan etdi. Truonq Tanq Sanq isə eynilə Azərbaycanın ərazi bütövlüyünün Vyetnam tərəfindən tanındığını vurğuladı. Ölkələr arasında siyasi məsələlərdə fikir ayrılığının olmaması, bir növ Azərbaycanın Cənub-Şərqi Asiyada, Vyetnamın isə Cənubi Qafqaz regionunda bir-biri üçün təmsilçilik funksiyası yerinə yetirməsinə şərait yaradır. Maraqlıdır ki, həm Azərbaycan, həm də Vyetnam ərazi mübahisələrindən əziyyət çəkirlər.  

 

 

Təsadüfi deyil ki, ötən ildən başlayaraq Azərbaycanın Vyetnamda səfirliyi də fəaliyyət göstərir. Siyasi əlaqələrdəki yüksək etimad ölkələr arasındakı iqtisadi münasibətlərin də sürətlə inkişafına təkan verib. Belə ki, 2009-cu ildə rəsmi mənbələr Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsinin 12 milyon dollar olduğunu açıqlamışdı.

İlham Əliyev vyetnamlı həmkarı ilə görüşündə çıxışı zamanı ölkələr arasında bu göstəricinin rekord templərlə artaraq bu gün 400 milyon dollar təkşil etdiyini xatırladıb.   Prezidentlər razılığa gəliblər ki, yaxın illərdə Azərbaycan-Vyetnam ticarət dövriyyəsini 1 milyard dollara çatdırsınlar. Bu göstəricini əldə etmək üçün tərəflərin kifayət qədər imkanı da var. Azərbaycan prezidentinin çıxışındakı əsas məqamlardan biri məhz Azərbaycan neftinin Vyetnama ixrac həcminin artırılması barədə olub. Prezidentin sözlərinə görə, bu ikitərəfli münasibətlərin inkişafına yeni stimul verəcək. Təsadüfi deyil ki, Azərbaycan nümayəndə heyətinin tərkibində Vyetnama Azərbaycanın müxtəlif şirkətlərinin 50 nümayəndəsi də təşrif buyurmuşdu. Onlar vyetnamlı həmkarları ilə birlikdə biznes forumda iştirak ediblər. Azərbaycan-Vyetnam əlaqələrinin tarixindən danışarkən qeyd ediləsi digər məqam sovet dövründə Vyetnamdakı məhdud neft yataqlarının istismar olunması üçün əksər kadrların Azərbaycandan gönədilməsi olub. Odur ki, Vyetnamda neft-qaz sənayesindəki inkişafda azərbaycanlı neftçilərin rolu da görüşlər zamanı vurğulanıb.

Neft-qaz istismarı sahəsində fəaliyyət göstərən müştərək “Veso Petrol” şirkətinin bu əməkdaşlıqda rolu xüsusilə vurğulanıb. Maraqlıdır ki, “Veso Petrol”un direktorlar şurasının sədri Tin Tenya Azərbaycan Neft-Kimya İnstitutunun məzunu olub.

Təxminən 1 gündən artıq Vyetnamda olan İlham Əliyev bu müddət ərzində Vyetnam siyasi rəhbərliyinin əsas üzvləri ilə danışıqlar aparıb. Prezident Truonq Tanq Sanqdan əlavə Vyetnam Kommunist Partiyasının sədri Nquen Fu Çonq, parlament sədri Nquen Sin Hunq və baş nazir Nquen Tan Zunqla da təkbətək görüşləri baş tutub.

 

Bunun ardınca mayın 20-i gecə saatlarında prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri başlayıb. Səfərdə əsas məqsəd “Asiyada Qarşılıqlı Etimad və Fəaliyyət Tədbirləri” üzrə Müşavirənin IV Zirvə toplantısında iştirak etmək idi. İlk iclası 2002-ci ildə keçirilən bu beynəlxalq təşkilatın dünyada rolu günü-gündən artır. Təsadüfi deyil ki, 4 milyard sakinin yaşadığı 24 ölkənin üzv olduğu “Asiyada Qarşılıqlı Etimad və Fəaliyyət Tədbirləri” təşkilatının əsas məqsədi dünyada sülh və əməkdaşlığın bərqərar olunmasıdır. Səfər çərçivəsində 10 dövlət başçısının, 12 hökumət rəhbərinin iştirakı da tədbirin prestijindən xəbər verir.

Azərbaycan prezidenti səfər zamanı Çin Xalq Respublikasının sədri Si Cinpinlə təkbətək görüş keçirib.

Dünyada Çinin önəminin artığı bir dönəmdə bu ölkə ilə yüksək münasibətlərin saxlanılmasında bir çox dövlətin marağı var. Bu mənada Azərbaycan və Çin arasındakı əməkdaşlıq səviyyəsinin də yüksək olduğunu söyləmək lazımdır.  

Dünyada Çinin nüfuzunu nəzərə alaraq sosialist dövlətin rəsmi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü Ilham Əliyevlə Si Cinpinlə görüş zamanı dəstəkləməsi bu mənada ölkəmiz üçün önəmlidir.

Lakin təəssüf ki. Azərbaycan-Çin münasibətlərindəki inkişaf ölkələrimizin ticarət göstəricilərində özünü tam əks etdirmir. İlk olaraq Azərbaycan və Çin arasında ticarət dövriyyəsi ildən-ilə azalan xətt üzrə inkişaf edir. Belə ki, 2012-ci ildə ölkələr arasında 816,1 milyon dollar həcmində maliyyə əməliyyatları gerçəkləşmişdi. Lakin 2013-cü ildə bu göstərici 19,7% azalaraq 654,9 milyon dollar təşkil edib. Cari ilin birinci rübünə Azərbaycan Gömrük Komitəsinin açıqladığı məlumatlara görə isə Çindən Azərbaycana idxal edilən məhsulların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% azalaraq 135 mliyon dollar təşkil edib.   Düzdür, 1992-ci ildə tərəflər arasındakı 1,5 milyon dollarlıq ticarət əlaqəsi ilə müqayisədə bu rəqəmlər çox görünə bilər. Ancaq ildən-ilə kiçilən rəqəmlər tərəflərin daha aktiv olmasını tələb edir. Bu səbəbdən İlham Əliyevlə Sİ Cinpinin müzakirələrində əsas məqamlardan biri iqtisadi sahədə ortaq əməkdaşlığın daha da genişləndirilməsi olub. İqtisadi münasibətlərdə diqqət çəkən digər məqam Azərbaycanla Çin arasında idxal-ixrac əməliyyatlarındakı qeyri-mütənasiblikdir.

 Belə ki, 2014-cü ilin ilk rübündə Çinə 12,661 min dollar məbləğində ixrac gerçəkləşdirib. Əvəzində Çindən Azərbaycana dəyəri 135,7 milyon dollar təşkil edib. Azərbaycan sənayesinin son illərdəki inkişafını nəzərə alaraq ölkəmizin ixrac potensialını daha da artırmaq olar. Xüsusən, Çin bazarının böyüklüyünü, daim sənaye və kənd təsərrüfatı məhsullarına artan tələbatını nəzərə alsaq bundan qarşılıqlı fayda əldə etmək mümkündür. Bütövlükdə İlham Əliyevin 18-21 may tarixlərində Vyetnam və Çinə etdiyi səfərləri Cənubi və Cənub-Şərqi Asiya bölgəsində iqtisadi və siyasi əlaqələrinin möhkəmlənməsində rol oynayacaq.

 

 

 

Vüqar İSMAYILOV  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı