Bu gün Milli Məclisin binasında Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinin iclası öz işinə başlayıb.
Modern.az xəbər verir ki,iclasda AŞPA-ya üzv dövlətlərin nümayəndə heyətləri, Avropa Şurasının baş katibi Torbyorn Yaqland, sözügedən qurumun prezidenti Ann Brössor, MM-in sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və digər şəxslər iştirak edirlər.
İclas Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində baş tutur. İclası AŞ PA prezidenti An Brassör açacaq, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov isə iştirakçılar qarşısında çıxış edəcək.
Sonra isə parlamentarilərin AŞ Nazirlər Komitəsinə sədrlik edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla fikir mübadiləsi aparacağı gözlənilir. Müzakirələrdə əsas diqqət Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi dövründəki prioritetlərinə və Parlament Assambleyasının Nazirlər Komitəsi ilə siyasi dialoqu çərçivəsindəki məsələlərə yönələcək. Gündəlikdəki digər mövzulara miqrantlar və qaçqınlar arasında AIDS-ə qarşı mübarizə, miqrant uşaqların hüquqları və digər məsələlər daxildir.
Gültəkin ƏLƏSGƏR