
“Bələdiyyə seçkilərinin keçirilməməsi çıxış yolu deyil. Bu, yeni problemlərin yaranmasına və indiki problemlərin daha da kəskinləşməsi ilə nəticələnə bilər. Çünki bələdiyyə institutu elə qurulmalıdır ki, təkmilləşmə həyata keçirilsin”. Bunu Modern.az-a Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa bələdiyyə seçkiləri barədə danışarkən bildirib: “Bələdiyyələrin tamamilə aradan qaldırılması bu sahədə neqativ halların çoxalmasına səbəb olacaq. Belə olan təqdirdə, qanunvericiliyin təkmilləşməsi, müəyyən məsələlərin gündəmdə saxlanılması öz aktuallığını itirəcək. Bütün hallarda, yalnız təkmilləşmədən söhbət gedə bilər. Ümumilikdə, seçkilərin keçirilməməsi çıxış yolu deyil”.
Onun fikrincə, niyyət dəyişməlidir: “Bu qurumu istəyirik, ya istəmirik? Buna aydınlıq gətirməliyik. Azərbaycanda hələ də bu müəyyənləşməyib. İstənilsə, diqqət artırılar, istənilmirsə, deməli, məsələ mürəkkəbdir, bələdiyyələri istətmək lazımdır. Düşünürəm ki, yerli funksiyalar əhaliyə verilməlidir. Sadəcə, lazımi qurumlar bundan qorxurlar, çəkinirlər, bu da köklü problemdir. Onsuz da itən, unudulan dəyələrimiz çoxdur, ümid edək ki, növbəti bələdiyyə seçkilərinə qədər bu sahədə ürəkaçan yeniliklər olacaq”.
Qeyd edək ki, növbəti bələdiyyə seçkiləri 2014-cü ilin dekabr ayında keçiriləcək. Seçkilərin keçirilməsinə dövlət büdcəsindən 34 milyon 63 min 286 manat vəsait ayrılacaq.
Gülşən RAUFQIZI