Modern.az

Azərbaycanlı tələbələr Kiprdə birləşdi

Azərbaycanlı tələbələr Kiprdə birləşdi

Təhsil

23 May 2014, 11:09

Bir neçə ildir ki, Kiprdə təhsil alan və məzun olmuş azərbaycanlı tələbələrin vahid təşkilat ətrafında birləşməsi məsələsi öz həllini tapıb.

Belə ki, 19 may 2014-cü il tarixində Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı olan Lefkoşada həyata keçirilən universitet təmsilçilərinin qatıldığı iclas yekununda Azərbaycan-Kipr Tələbə Assosiasiyası (Azerbaijan Student Association in Cyprus - ASAC ) qurulması haqda yekdilliklə qərar qəbul olunub. Təşkilatın katibliyindən Toğrul Abbasovun verdiyi məlumata əsasən, bu gündən etibarən Kiprdəki azərbaycanlı tələbələr - ASAC adı altında Azərbaycanı təmsil edir və Azərbaycançılıq fəlsəfəsini ən layiqli şəkildə yaşatmaq uğrunda birlikdə fəaliyyət göstərəcəklər.

Fəaliyyət çərçivəsində həyata keçiriləcək layihələr Azərbaycanın xaricdə təmsil olunması, milli, tarixi və mənəvi dəyərlərini, mədəniyyətini yerli əhali, Kiprdə yaşayan və təhsil alan dünyanın 80-dən artıq müxtəlif ölkə nümayəndələri, əcnəbi tələbələrə çatdırmaq və vətənimizi nüfuzunun daha da yüksəldilməsinə xidmət edəcək.

Bundan başqa Kiprdə təhsil alan tələbələrin müstəqil və məhsuldar bir şəkildə şəbəkələşməsi, bu tələbələrin potensialını Azərbaycan gələcəyinə investisiya etməklə ölkəmizin inkişafı və çiçəklənməsinə töhfə vermək, Kiprdə Azərbaycan diasporunun gücləndirilməsi, azərbaycanlı tələbələrin beynəlxalq tədbirlərdə iştirakını artırmaqla Azərbaycanın akademik səviyyədə tanınmasını təmin etmək və s. dövlətimizin mənafeyini hər zaman ən vacib faktor olaraq diqqətə alacaq ASAC-ın məqsəd və məramları siyahısına daxildir.

 Qurumun mətbuat katibliyindən onu da bildirdilər ki, artıq Kiprin 3 universiteti üzrə ASAC rəhbərləri - müvafiq olaraq, Doğu Akdeniz Universiteti üzrə Toğrul İbrahimli, Yakın Doğu Universiteti üzrə Rizvan Allahverdiyev və Uluslararası Kıbrıs Universiteti üzrə isə Müqəddəs Abbasov fəaliyyətə başlayıb. Missiyanın sadəcə kiçik bir qisminin uğurla tamamlanması üçün fəaliyyət planında Kiprdəki həmvətənlərimizin təhsil aldığı digər universitetlər - Girne Amerikan Universiteti, Lefke Avropa Universiteti, Orta Doğu Teknik Universiteti və s. Kipr təhsil ocaqlarının da təşkilata cəlb olunması nəzərdə tutulur. ASAC-ın başlıca prinsiplərindən biri də Kiprdə təhsil alan tələbələrin problemləri ilə maraqlanmaq və onların operativ həll olunması üçün uyğun şərait yaratmaqdan ibarətdir. ASAC-ın həmtəsisçisi və sədri Kamran Əliyevin sözlərinə görə ən yaxın gələcəkdə rəsmi veb-səhifəsinin açılışı ilə bərabər hər kəs ASAC-ın missiyası, vizyonu, strukturu, nizamnaməsi və üzvlük qaydaları ilə daha ətraflı şəkildə tanış olma imkanı qazanacaqlar.  

 

 

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı