Modern.az

Tovuzda sel bütün əkin sahələrini yuyub aparıb - İcra başçısının 1-ci müavini

Tovuzda sel bütün əkin sahələrini yuyub aparıb - İcra başçısının 1-ci müavini

Təhsil

23 May 2014, 11:28



“Hazırda Tovuzda hava şəraiti nisbətən normallaşıb. Yağıntı olmasa da, hava çiskinlidir”. Bunu Modern.az-a  Tovuz rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Mahir Qasımov bildirib: “Ən əsası odur ki, insan itkisi yoxdur. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir. Dəyən zərərin ümumi dəyərini hesablamaq üçün araşdırma aparılır. Onu deyə bilərəm ki, rayona ciddi ziyan dəyib”.

Onun sözlərinə görə, dünən saat 17 radələrində Qovlar-Ağbaşlar avtomobil yolunun İsəkənd ərazisinə keçən hissəsində nəqliyyatın hərəkəti bərpa edilib: “Fəlakətin zərərlərini aradan qaldırmaq üçün bütün texnika cəlb olunub. Bu gün səhər Fövqaladə Hallar Nazirliyinin daha iki briqadası göndərilib. İndiki məlumata görə, 4 baş iribuynuzlu mal, 1 at, 1 buzovu sel aparıb. Yalnız onu deyə bilərəm ki, məlumatlar tez-tez dəyişir, çünki araşdırma davam edir, məlumatlar toplanılır”.

Mahir Qasımovun sözlərinə görə, ümumiyyətlə, sel aparan ev olmasa da, evlərin hasarları uçub, zirzəmilərinə su dolub, bəzi evlərdə çat əmələ gəlib: “Bildiyiniz kimi, 61 kənddə elektrik enerjisinin verilməsi dayandırılmışdı. Axşamdan gedən iş nəticəsində problem aradan qalxdı. Səhər saatlarından etibarən sonuncu olaraq “Yeni yaşayış massivi”nə də elektrik enerjisi verilməsi bərpa olundu”.

Əhalinin çörək, su, qaz, işıq kimi problemləri olmadığını vurğulayan rayon rəsmisi kənd təsərrüfatının iflic olduğunu vurğulayıb: “Demək olar ki, bütün əkin sahələrini sel aparıb. Əsas problem də Bakı-Saratovka yolunun bağlı olmasıdır, çünki rayondan çıxa bilmirik”.

Qeyd edək ki, mayın 21-də axşam saat 20 radələrindən başlayaraq Tovuz rayonu ərazisinə güclü tufanla müşahidə olunan leysan yağıb. Nəticədə rayonda həyat iflic vəziyyətinə düşüb. 61 kəndə elektrik enerjisi verilməsi dayandırılıb. Nəqliyyat yolunu sel yuyub apardığından bəzi kəndlərə hərəkətdə məhdudiyyətlər yaranıb.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı