Modern.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mayın 25-i ali təhsil müəssisələrinin magistratura pilləsinə imtahan verəcək bakalavrlara xəbərdarlıq edib. O bildirib ki, bakalavrlardan 651 nəfəri imtahana buraxılış vərəqəsini hələ əldə etməyib: “Hələ ki, iki gün vaxt var. Qorxuram ki, buraxılış vərəqəsini əldə etməmək imtahan günü bakalavrlara hansısa problem yaradar. Belə hal onların imtahanını yaxşı verməyə kömək etməyəcək. Ona görə də indidən xəbərdarlıq edirəm”.
TQDK sədri onu da qeyd edib ki, imtahanlarda təkcə test sualları yox, bəzi proqramlarda yazı işləri də olacaq. Yazı işlərinin yoxlanması iki gün vaxt aparacaq: “Bu müddət ərzində nəticələr elan olunduqdan sonra onlar öz ixtisasını seçəcək. Onlar hazırda proqram seçib və bu proqramların tərkibində müxtəlif ixtisaslar var. Bakalavrlar onlardan birini seçməlidir. Onları müvafiq ali məktəblərdə yerləşdirmək üçün bakalavrlar ərizələrində ixtisas seçimini qeyd etməlidir”.
Rafiq Qənbərov