
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Münaqişənin insan faktoruna vurduğu ziyanla bağlı tədqiqatların davamlı aparılması” layihəsini həyata keçirir. Məlumat üçün bildiririk ki, layihə çərçivəsində işğal faktı nəticəsində insan resurslarına dəymiş ziyan araşdırılıb.
Layihənin həyata keçirildiyi müddətdə Füzuli rayonundan olan məcburi köçkünlərə və ümumilikdə rayona bir çox sahələrdə Ermənistanın işğalı nəticəsində vurduğu ziyan araşdırıldıqdan sonra toplanmış faktlar nəticəsinə hesabat hazırlanıb. Dünən Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan Dəyirmi Masada hesabat və keçirilən sorğunun nəticələri ictimaiyyətə açıqlandı. Həmin tədbirdə müxtəlif ekspertlərin, QHT təmsilçilərinin hesabatla bağlı fikirləri səsləndi.
Bu araşdırmalarla bağlı bəzi məqamları diqqətinizə çatdırırıq.
Füzuli rayonuna müasir qiymətlərlə aparılan indeksləşməyə uyğun olaraq, ümumilikdə işğal nəticəsində dəymiş zərərin məbləği 12 milyard manatdan artıqdır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, Füzuli rayonunun işğalı nəticəsində 21 il müddətində itirdiklərimiz 10 milyard manata yaxındır. İlkin hesablamalara görə, həm işğal nəticəsində və ümumilikdə işğaldan ötən 21 il müddətində ziyanın həcmi təxminən 22 milyard manatdan artıqdır. Onu da qeyd etmək istərdik ki, bu rəqəmlər ilkin hesablamalardır. Rayon ərazisində mövcud olan qəbirstanlıqların, tarixi abidələrin, torpaq sahələrinin hesablanması hələ ki, tam başa çatmayıb. Gələcəkdə bu sahə daha geniş araşdırılıb qiymətləndirildikdən sonra bu rəqəmlər şübhəsiz ki, 30 milyard manatı keçəcək. İşğal faktı Füzuli rayon iqtisadiyyatını 40- 50 il geri salıb.
Füzuli rayonun səhiyyə strukturlarından aldığımız məlumatlara görə, həmin ərazi üçün xarakterik olmayan şəkər xəstələrinin sayında artım sürətlə davam etməkdədir.
Beləki il ərzində bu artım tendensiyası həmin ərazidə yaşayan əhalidə 400- 500 nəfər təşkil edir. Ürək-damar xəstəliklərinin artım sayı il ərzində 500 nəfərə yaxınır. Əsəb xəstəliklərinin artım tempi isə il ərzində rayon əhalisinin sayına görə, 20 faizdən artıqdır.
Bu münaqişə azyaşlı uşaqlarda da bir sıra fəsadlar yaradıb. Uşaqlarda ən çox nevroloji xəstəliklərdə xeyli artım var . Hazırkı dövrdə dünyaya gələn uşaqların 30 faizində bu xəstəlik müşahidə olunmaqdadır. Bundan əlavə məcburi köçkün uşaqlarının, yəni işğaldan əvvəl öz rayonunda döğulan və sonradan Bakı və ətraf qəsəbələrdə yaşayan məcburi köçkün uşaqlarında adaptasiya çox çətin olub. Məlumatlara görə, öz yaşayış yerini dəyişdiyinə görə, hər 10 uşaqdan 7-də müxtəlif xəstəliklər aşkar olunub.
Qaçqın və məcburi köçkün uşaqların fiziki inkişafın müayunəsi nəticəsində alınmış göstəricilərin əsasında harmonal fiziki inkişafın proqnozlaşması aparılıb. Belə ki, vaxtılə çadır şəhərciyində yaşayan azyaşlılarda kəskin disharmonal inkişafın ehtimalı orta hesabla 39,4% təşkil edib, şəhər şərəitində yasayan, yəni məcburi köçkün olmayan azyaşlılarda bu rəqəm 12,8% təşkil edib. Onu da qeyd etmək istərdik ki, Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini dağıdıb. Belə ki Füzuli rayonu ərazisində 190 mədəniyyət müəssisəsinə ciddi ziyan dəyib.
Onu da qeyd etmək lazımdır ki, bu gün işğal altında qalan Füzulinin 700 kv. km ərazisi ermənilər tərəfindən yandırılıb. Bu torpaqlarda təxminən 200 hektar meşə fondu tamamilə məhv edilib. . Bu ərazilərdə bitən qiymətli ağac cinslərinin kəsilib aparılması biomüxtəlifliyin qorunmasını kritik həddə çatdırıb. Özünəməxsus təbiəti olan Füzuli rayonu ərazisində yaşı təxminən 200 ildən 1 400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılaraq işğala qədər mühafizə olunub. Təəssüf ki, indi bu, qiymətli sərvətlər ermənilər tərəfindən məhv edilməkdədir. Həmçinin Araz çayından Horadiz qəsəbəsində götürülmüş su nümunələri analiz edilmiş və həmin ərazidə çirklənmənin həddi 50 faizdən artıq olduğu təsdiqlənmişdi..
Muharibə nəticəsində insan faktoruna vurulan zərbənin öyrənilməsi və günahkar tərəfdən zərərçəkənlərə kompensasiyaların ödənilməsi ilə bağlı dünyada müxtəlif təcrübələr var.
Biz ötən layihəmizdə olduğu kimi bu araşdırmalarımız dövründə həmin təcrübələri dərindən öyrənməyə çalışdıq. Yalnız bir faktı qeyd etmək istərdik: Almaniya Holokost soyqırımının sağ qalan qurbanlarına (yəhudilərə) 1 milyard dollar təzminat ödəməkdədir. Bu vaxta qədər “Yəhudi Material İddia Assosiasiyası” Almaniya hökumətindən 70 milyard dollar pul alıb. Bundan əlavə II dünya müharibəsində fərqli qüvvələr tərəfindən zərərçəkən yaponlar, yunanlar dəyən zərərin araşdırılması, qymətləndirilmənin aparılması və günahkar tərəfdən zərərçəkənlərə kompensasiyaların ödənilməsi ilə bağlı bir sıra faktlar mövcuddur.
Xatırladırıq ki, araşdırmalarla bağlı daha ətraflı məlumat almaq üçün www.fact-info.az saytına müraciət edə bilərsiniz. Sonda onu da qeyd etmək istərdik ki, biz layihə çərçivəsində Füzuli rayonuna münaqişə dövründə dəyən ziyanı müyyən edərkən yalnız faktları toplamaqla kifayətlənməmişik. Burada önəmli məqam odur ki, rayona dəyən ziyanın yekun məbləği müəyyən edilib. Bu iş davam etməkdədir.

Modern.az