Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iyun ayında keçirilməsi nəzərdə tutulan paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi ilə bağlı hazırlıqlar davam etdirilir.
Bu məqsədlə Bakının 12 rayonunda keçirilməsi nəzərdə tutulan görüşlər artıq yekunlaşıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, hazırlıqların tərkib hissəsi olan görüşlərdə Səbail, Yasamal, Xətai, Suraxanı, Sabunçu, Pirallahı, Nərimanov, Xəzər, Nəsimi, Nizami, Qaradağ və Binəqədi rayonları ümumtəhsil məktəblərində çalışan müəllimlər iştirak edib.
Bakı şəhəri dövlət ümumtəhsil məktəblərində, 19-24 may tarixlərində baş tutan görüşlərdə müəllimlərin sualları operativ olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi nümayəndələri tərəfindən cavablandırılıb, sınaq qiymətləndirilməsinin məqsəd və mahiyyəti barədə məlumat verilib və bu mövzuda çıxan problemlərə fərdi yanaşılıb.
Sınaq qiymətləndirmə ilə bağlı müəllimlər əsasən sualların necə olacağı, qoşa fənlərdən dərs deyən müəllimlərin hansı fəndən qiymətləndirmədən keçəcəkləri, nəticələrin necə elan olunacağı, qiymətləndirmədən sonra nəticəsi yüksək olan müəllimllər üçün stimullaşdırıcı tədbirlərin nədən ibarət olacağı, qiymətləndirmədə zəif nəticə göstərən müəllimlər üçün kursların necə təşkil ediləcəyi ilə maraqlanıblar.
Qeyd edək ki, müəllimləri maraqlandıran suallar 19-23 may tarixlərində Bakı Şəhəri üzrə Təhsil idarəsinin rəsmi “Facebook” səhifəsində də cavablandırılıb.
Modern.az