Müsavat Partiyasının qurultay keçirməklə bağlı istəklərinin reallaşmaması qurumda da ciddi fikir ayrılıqlarına gətirib çıxarıb. Müsavatın Divan üzvü Tural Abbaslı isə əngəlləri nəzərə alaraq qurultayın təxirə salınmasını tələb edib. O, “Mediforum”a açıqlamasında bildirib ki, qurultay 2015-ci il seçkilərinə qədər təxirə salınmalıdır.
Müsavat Partiyasının üzvü, başqanın keçmiş müavini Adil Qeybulla Modern.az-a qurultay haqqında tələsik fikirlərin səsləndirilməsinin düzgün olmadığını bildirib: “Vaxt, yer, namizədlər təyin olunsaydı, qurultayla bağlı fikir bildirmək olardı. Amma hazırda səsləndirilən bütün mövqelər mücərrədliyi ilə seçilir. Çox güman ki, hadisələrin bu gedişi ilə proses 2015-ci il parlament seçkilərinə və ondan sonrakı dövrə qədər təxirə salına bilər”. A.Qeybulla hesab edir ki, partiya daxilində bəzi şəxslərin tələm-tələsik fikirlər söyləməsi xeyli problemlər yaradır: “Ortalıqda real bir şey olmadan mövqe sərgiləmək yersizdir. Qurultayın keçirilməsi zaman məsələsidir”.Müsavat Partiyası başqanın müşaviri Səxavət Əlisoy Tural Abbaslının fikirləri ilə tamamilə razıdır: “Belə təklif irəli sürübsə, onu dəstəkləyirəm. Gəncliyin irəli sürdüyü təklifdə məntiq olduğunu düşünürəm. Amma Müsavat Partiyası təkcə Tural Abbaslıdan ibarət deyil”. Partiya rəsmisi onu da qeyd edib ki, qurultayın vaxtını çox da uzatmaq olmaz: “Dörd ildən artıqdır partiya qurultay keçirilə bilmir. Partiyanın qurultayı Əmircan qəsəbəsində bizə təklif olunan 620 nəfərlik yerdə keçirilməlidir. Biz orada partiyanın qurultayını çox təntənəli keçirə bilərik. Qonaqlarımız da narazı qalmaz. Hətta onlara bir çay süfrəsi də aça bilərik”. Qeyd edək ki, Müsavat 2010-cu ildən bu yana qurultay keçirə bilmir. Bakı meriyası isə Əmircandakı Səttar Bəhlulzadə adına Mədəniyyət Evini qurultay keçirmək üçün təklif etsə də, Müsavat bununla razılaşmır. Müsavat Partiyası həmin yerin qəzalı vəziyyətdə olmasını və ayrılan yerin qurultay iştirakçılarının sayına uyğun olmadığını əsas gətirir. Məlumat üçün deyək ki, qurultaya hazırlıq üzrə təşkilat komitəsinin may ayının 26-da həlledici qərar verəcəyi gözlənilir.
Aqşin Kərimov