Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Gənclərinin VII Forumu çərçivəsində Nərimanov rayon gənclərinin toplantısı keçirilib.
Тədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri İ.Mahmudova və İ.Mirzəyev, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri N.Mehdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R.Abbasov, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri T.Tağıyev, Azərbaycan Tələbə - Gənclər Təşkilatı İttifaqının sədri Ş.İsmayılov, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Gənclər Birliyinin sədri Y.Babanlı, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri G.Səfərova, bir sıra dövlət və qeyri hökümət təşkilatlarının rəhbərləri iştirak edərək çıxış ediblər. Tədbiri giriş sözü ilə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi N.Novruzov İdarənin Respublika Gənclərinin VI Forumundan keçən müddətdə görülmüş işlər haqqında məruzə edib. Məruzədə 2011-2014-cü illər ərzində idarə tərəfindən Dövlət Gənclər Siyasəti və idman sahələrində keçirilmiş tədbirlər haqqında məlumat verilib.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev öz çıxışında bildirib ki, bu gün bütün sahələrdə inkişafın təməli olan sabitliyin, əmin – amanlığın yaranmasının, müasir dövlətçiliyimizin memarı Heydər Əliyev olub. Onun bizlərə olan tövsiyyələri xalqımızın milli ideologiyasının və hələ neçə illər gənc nəslin formalaşdırılmasında müstəsna rolu olacaq. Respublikamızda ilk dəfə 1996-cı ildə keçirilən I Forumda, daha sonra 1999-cu ildə keçirilən II Forumda H. Əliyevin şəxsi iştirakı və geniş məzmunlu çıxışından sonra Dövlət Gənclər Siyasəti xeyli inkişaf edib, gənclərə diqqət və qayğı artıb. 2003-cü ildə keçirilən III, 2005-ci ildə - IV, 2008-ci ildə - V və 2011-ci ildə keçirilən VI forumlarından sonra isə bu inkişaf daha da sürətlənib. Sonda A.Fərzəliyev Azərbaycan Gənclərinin VII Forumuna rayondan seçilmiş nümayəndələrə uğurlar arzulayıb.
Daha sonra toplantı iştirakçıları adından prezident İlham Əliyevə ünvanlanmış müraciət oxunub.
Modern.az