İranın Məşhəd şəhərinə ziyarətə gedən 50-ə yaxın azərbaycanlı zəvvar yoxa çıxıblar.
Modern.az xəbər verir ki, b u barədə ANS PRESS-ə zəvvarların qohumları məlumat veriblər. Məlumatda bildirilib ki, mayın 21-i tarixində Bibiheybət məscidinin önündə toplaşan zəvvarlar Nardarandan Məşhədə hərəkət edən avtobuslardan biri ilə ziyarətə gediblər. Amma hələ ki, onlardan heç biri ilə əlaqə saxlamaq mümkün deyil: “Əmim Kamal Ocaqverdiyevi və 50-ə yaxın zəvvarı Məşhədə yola salmışıq. Biləsuvarda olanda mənimlə əlaqə saxladı. O, sərhəd keçid məntəqəsini indi keçdiklərini söylədi. 3 gündür ki, onlarla heç bir ilə əlaqə saxalaya bilmirik. Zəvvarların qohumları çox narahatdırlar. Onlar yola bələd olan şəxslərin birinin avtobusu ilə gediblər. Bir sutqalıq yolu ola bilməz ki 3 sutkaya qət eləsinlər. Avtobusda 8 qadın, 40-a yaxın kişi var idi”.Məsələ ilə əlaqədar olara Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə əlaqə saxladıq. QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov açıqlamasında hazırda onların heç qrupunun Məşhəddə və Kərbəlada olmadığını söyləyib.
“O qrupu biz göndərməmişik. Bu saat bizim adamlarımız Məşəddə yoxdur. İraqa da heç bir qrup göndərmirik. İndi bu işlə adi adamlar məşğul olur. Siyahıları və pasportları yığıb İraqa göndərirlər. Vizanı alıb, ora gedirlər. Təhlükəsizliyə zəmanət olmadığı üçün göndərmirik”.
Məsələ ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Oradan isə bizə bu barədə onlarda heç bir məlumat olmadığını bildiriblər.
***
İranın Məşhəd şəhərinə ziyarətə gedən 50-ə yaxın azərbaycanlı zəvvarın yoxa çıxması xəbəri öz təsdiqini tapmadı.
ANS PRESS-in məlumatına görə, bu haqda zəvvar şirkətinin nümayəndəsi Rza Zahidi xəbər verib.
Rza Zahidinin sözlərinə görə, onların guya itməsi xəbərini zəvvarlardan birinin ailəsi yayıb. "Həmin zəvvar evlərinə zəng etmədiyinə görə belə düşünüblər ki, zəvvarlar itiblər. Əslində isə mətbuatda deyildiyi kimi, ziyarətə 50 yox, 40 zəvvar gedib. Onlar bu gün səhər saat 11.00-da İranın Xorasan vilayətinin Məşhəd şəhərinə çatıblar və hazırda "Ayda" hotelində yerləşiblər".
Xatırladaq ki, bu gün mediada 50 zəvvarın itməsi barədə xəbər yayılmışdı.
Modern.az