Bu gün “Azər-İlmə” şirkətinin 20 illik yubileyi və “Azərbaycan xalçaları” jurnalının 10-cu nömrəsinin çapdan çıxması münasibətilə təntənəli mərasim keçirilib.
Modern .az xəbər verir ki, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, ziyalıların iştirak etdiyi tədbiri akademik Nizami Cəfərov açıq elan edib. Millət vəkili xalçaların Azərbaycan mədəni tarixində tutduğu rol və “Azər-İlmə”nin yaranma tarixindən söz açıb.
Qeyd edək ki, “Azər-İlmə” şirkəti 1976-cı ildə professor Vidadi Muradov tərəfindən yaradılıb. Azərbaycanda analoqu olmayan, tam fərqli fəaliyyət istiqaməti götürmüş yeni bir şirkət kimi xarakterizə olunur.
“Azər-İlmə”nin araşdırmaları xalçaçılıq sənətinin öyrənilməsi, tədqiqi istiqamətində elmdə yaranmış bu boşluğu aradan qaldırıb. Şirkətin 2008-ci ildə rus, ingilis dillərində “Azərbaycan xalçaları”, 2010-cu ildə rus, ingilis dillərində “Azərbaycan xalçaları Qarabağ qrupu”, 2011-ci ildə rus, ingilis, alman, fransız, ərəb dillərində “Azərbaycan xalçaları İrəvan qrupu”, “Azərbaycan xalçaları Qarabağ qrupu”, “Azərbaycan xalçaları Təbriz qrupu”, “Azərbaycan xalçaları Şirvan qrupu”, 2012-ci ildə “Azərbaycan xalçaları Naxçıvan qrupu”, “Azərbaycan xalçaları Quba qrupu”, “Azərbaycan xalçaları Bakı qrupu”, “Azərbaycan xalçaları Gəncə qrupu”, “Azərbaycan xalçaları Qazax-Borçalı qrupu”, 2013-cü ildə “Azərbaycan xalçaçılıq sənəti”, alman, italyan, türk, ingilis, rus dil, ivrit, fransız dillərində “Azərbaycan xalçaları. Təbriz qrupu” kitabları işıq üzü görmüş, dünya muzeylərinə və kitabxanalarına göndərilib.
“Azər-İlmə” yerli və dünya telekanallarında xalçaçılığa dair elmi-kütləvi verilişlərdə uzun illərin gərgin axtarışlarından, topladığı zəngin təcrübədən qaynaqlanan müntəzəm və maraqlı çıxışlar edir. Bədii-estetik həll baxımından orijinal üsluba malik “Azərbaycan xalçaları bütün məktəbləri ilə” adlı telefilmlərin istehsalı ideyası da “Azər-İlmə” tərəfindən reallaşdırılmaqdadır. Artıq “Azərbaycan xalçaları İrəvan qrupu”, “Azərbaycan xalçaları Qarabağ qrupu” və “Azərbaycan xalçaları Naxçıvan qrupu”, “Azərbaycan xalçaları Qazax-Borçalı qrupu” telefilmləri tamaşaçıların ixtiyarına verilib.
Tədbirdə çıxış edən “Azər-İlmə”də şirkətinin rəhbəri, professor Vidadi Muradov rəhbərlik etdiyi qurumun qazandığı uğurlardan, həyata keçirdiyi layihələrdən söz açıb.
Sonda “Azər-İlmə”yə müxtəlif qurumlar tərəfindən diplom və qiymətli hədiyyələr təqdim edilib. Sonda tədbir iştirakçılarına “Azərbaycan xalçaları” jurnalının 10-cu yubiley nömrəsi təqdim olunub.



Elmin Nuri