Azərbaycan Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsində baş zabit vəzifəsində işləmiş polkovnik-leytenant, yaxın dostumuz, qohumumuz və qardaşımız Eldar Vəli oğlu Məmmədov Bakı şəhərində 23 may 2014 cü ildə hərbi hospitalda dünyasını dəyişib.
ALLAH Rəhmət eləsin! Mərhumun Ailəsinə dərin hüznlə baş sağlığı veririk. ALLAH Ailəsinə, övladlarına səbr versin! Onun dünyadan vaxtsız gedişi biz yaxınlarını çox sarsıtdı.
Polkovnik-leytenat Eldar Məmmədov 1969-cu ildə Tovuz rayonunun Sarıtala kəndində anadan olub.
1976 - cı ildə Sarıtala kənd orta məktəbinə daxil olub və 1986-cı ildə həmin məktəbi bitirib. Uşaqlıqdan arzusu ali rütbəli hərbiçi olmaq idi. İdmana da çox böyük həvəsi var idi. Bu arzu-istək onu Vətəndə uzağa Rusiyanın Kemerovo şəhərinə apardı.
1986 – cı ildə Rusiyanın Kemerovo Ali Hərbi Komandirlər Məktəbinə daxil olub, 1990-cu ildə həmin ali məktəbi bitirib və leytenant hərbi rütbəsi alıb. Oxuduğu müddət ərzində idmanın müxtəlif növləri ilə (əlbəyaxa döyüş, atletika, xizəksürmə və s.) məşğul olub. 1988 - 1990 cı illərdə Böyük Vətən Müharibəsinin ildönümünə həsr olunmuş atletikanın estafet (800 m məsafədə) növü üzrə vilayət birinciliyinin məktəbin komanda heyətinin tərkibində qalibi olub. 1988-ci ildə Omsk şəhərində əlbəyaxa döyüş üzrə 75 kg çəki dərəcəsində SSRİ SQ birinciliyində iştirak edib, əlbəyaxa döyüş üzrə “idman ustası” və karate üzrə “1-ci dan qara kəmər” sahibidir.
1990-cu ildə hərbi məktəbi bitirdikdən sonra hərbi xidmətini davam etdirmək üçün Bakı şəhərinə göndərilib, 1992- ci ildə fevral ayında Sovet Ordusu sıralarından öz xahişi ilə Azərbaycan Milli Ordusuna (Bakı Ali Hərbi Komandirlər Məktəbi) keçib.
1992-ci ilin ikinci yarısında döyüş tapşırığını yerinə yetirmək üçün döyüş bolgəsinə ezam olunub, 1993-cü ilin yanvar ayında Ağdamın Fərrux Dağı yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak edib.
1993-cü ilin mart ayından 2000-ci ilə qədər Bakı Ali Hərbi Komandirlər Məktəbində müəllim vəzifəsində çalışıb. 1999-cu ildə Türk Silahlı Qüvvələrində ixtisaslaşma kurslarını xüsusi fərqlənmə ilə keçib. 2000- ci ildən 2005-ci ilə qədər xidmətini davam etdirmək üçün yenidən döyüş bölgəsinə göndərilib.
2005-ci ilin Oktyabr ayından etibarən Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsində baş zabit vəzifəsində polkovnik-leytenant olaraq işləyirdi.

O gözəl insan, etibarlı və mehriban ailə başçısı, bir oğul və iki qız atası idi. Polkovnik- leytenant Eldar Məmmədov həm də sədaqətli bir dost, el obasına layaqət gətirən övlad idi. Eldar müəllim dininə bağlı, elinə bağlı bir insan idi. O tək öz sahəsi üzrə deyil, hər tərəfli dünya görüşünə malik bir şəxs idi. Onun Qurani Kərimi əzbər bilməsi, dini və dünyəvi elimləri hər tərəfli araşdırması bir çoxlarının sahib olmadığı mücüzəli daxili aləmindən xəbər verirdi. Bakıda yaşamasına baxmayaraq, hər il doğulduğu kəndi el obasınını ziyarət edər, doğmalarının gözürüşünə gedərdi.
Özünün anlatdığına görə onun ruhunun dincəldiyi bu dağları qarış-qarış gəzməkdən zövq alar, dağların hər bir cığırının, izinin, daşının, yolunu izini belə əzbər bilərdi. Bu kəndin çox oğul qızları var ki, doğulub boya –başa çatdığı kəndi coxdan unudub, heç yolunu belə xatırlamır, amma Eldar müəllim o doğru əməlləri ilə bir çoxlarına nümunə ola biləcək insanlardan biri olaraq yaddaşlarda əbədi yaşayanlardan odlu və olacaq da! Eldar müəllimi tanıyanlar çox yaxşı bilirlər ki, o öz təvazokarlığı ilə, keçdiyi həyat yolunda özünə məxsus bir iz buraxdı. O iz ki, heç bir zaman yaddaşlardan silinməyəcək.
Qısa bir şeiri mərhumun Ruhuna itfah edirəm.
Ağla göz yaşı tök,
Ağla a dağlar...!
Başına qaralar bağla,
Bağla a dağlar...!
Bir oğul itirdin,
Niyyəti təmiz...
Bir oğul itirdin...
İşində düzgün,
Dinində mömün,
Bir ogul itirdin...
Sədaqət timsalı,
Vəfalı bir dost !
Bir oğul itirdin,
Əməlində doğru...
Sözündə doğru..
Bir ogul itirdin
Vaxtsız yaşında...
Ağla, göz yaşı tök,
Ağla a Dağlar!
Başına qaralar, bağla..
Bağla a Dağlar!
Şəfəq AZƏR, Almaniya
Wölfenbüttel İbtidai Məktəbinin pedaqoq - müəllimi, yazar-şairə,
DGTYB və Türkiyədə çap olunan TÖRE dərgisinin Braunschweig təmsilçisi