Modern.az

ADU-da elmi simpozium keçirildi - FOTOLAR

ADU-da elmi simpozium keçirildi - FOTOLAR

Təhsil

24 May 2014, 15:10


Mayın 24-də Azərbaycan Dillər Universitetində (ADU) Koreya dili mərkəzi və Koreya dili ixtisasının təsis edilməsinin 20 illiyi münasibətilə elmi simpozium keçirildi. Azərbaycan Dillər Universiteti, Koreya Fondu və Koreyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən elmi simpozumda  ADU-nun rektoru, Milli Məclisin deputatı, professor  Səməd Seyidov, Koreyanın Azərbaycandakı səfirinin müavini Ça Çanqsu, Koreyanın Azərbaycandakı səfirliyinin İqtisadi işlər üzrə konsulu Kim Ce Çol, səfirliyin nümayəndələri, Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və İnkişaf idarəsinin attaşesi Zülfiyyə Əlizadə, Türkiyənin Ərciyes Universitetinin Koreya dili kafedrasının dosenti, professor Göksel Türkoz və ADU-nun tələbə-müəllim heyəti iştirak edirdi.

Simpozium  Azərbaycan  və Koreya Respublikalarının Dövlət Himnlərinin səslənməsi ilə başladı.

Qonaqları salamlayan ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Azərbaycan-Koreya münasibətlərinin inkişaf dövrünü yaşadığını bildirdi.  Rektor Səməd Seyidov bu münasibətlərin bütün sahələrdə artan temp üzrə yüksəldiyini diqqətə çatdırdı.  O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  2007 və 2012 –ci illərdə Koreya Respublikasına, Koreya Prezidentinin isə 2006-cı ildə Azərbayacana səfər etdiyini xatırlatdı.  O, bildirdi ki, prezidentlərin qarşılıqlı səfərləri ölkələrimiz arasında olan əlaqələrin yüksək səviyyəyə çatmasında mühüm rol oynayır .

ADU-da Koreya dilinin tədrisinin 20 ilinin tamam olduğunu deyən rektor S. Seyidov indiyədək Tərcümə fakültəsinin Koreya dili ixtisasının 70 məzunu olduğunu, 17 koreyalı müəllimin isə tədris apardığını vurğuladı. ADU rektoru Koreya dili ixtisasına ilk qəbulun 1994-cü ildə həyata keçirildiyini bildirdi.    Rektor Səməd Seyidov qeyd etdi ki, ADU-da fəaliyyət göstərən Koreya dili Mərkəzi yüksək səviyyədə qurulub ki, burada zəngin kitabxana, texniki avadanlıqlar var. S. Seyidov bildirdi ki, ADU-da yalnız Koreya dili və mədəniyyəti öyrənilmir, Koreyanın təhsil təcrübəsi də tətbiq olunur.

Rəhbərlik etdiyi universiitetdə 20-dən çox dilin  və mədəniyyət mərkəzinin olduğunu deyən rektor Səməd Seyidov  bu mərkəzlər içərisində Koreya dili Mərkəzinin  ilk yaradılan mərkəzlərdən biri olduğunu diqqətə çatdırdı.

Rektor Səməd Seyidov  Koreya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsində ADU-nun özünəməxsus yeri olduğunu vurğuladı. O, qeyd etdi ki, bu əlaqələrin yüksək səviyyəyə çatmasında Dillər Universiteti  mühüm rol oynayır.  ADU-nun rektoru Koreya ilə əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində qarşılıqlı tələbə mübadiləsinin, birgə layihələrin həyata keçirildiyini sözlərinə əlavə etdi.  

Rektor Səməd Seyidov elmi simpoziumun işinə uğurlar arzuladı.

Koreyanın Azərbaycandakı səfirinin müavini Ça Çanqsu isə çıxışında  ölkələr arasında qurulan münasibətlərin inkişaf dinamikasından söz açdı. Səfir müavini  Azərbaycan Dillər Universitetində  Koreya dilini öyrənən tələbələrin ölkələrin qarşılıqlı münasibətlərinin inkişafında böyük rol oynadığını söylədi.  Diplomat Koreya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasında 22 il ötdüyünü diqqətə çatdırdı. Səfir müavini Ça Çanqsu bildirdi ki, iki ölkə arasında ticarət dövriyyəsi 2005-ci ildə 43 milyon idisə, 2013-cü ildə bu rəqəm 310 milyon dollara qədər artmışdır.   

Koreyalı diplomat hazırda ADU daxil olmaqla Azərbaycanda 4 universitetdə yüzlərlə tələbənin Koreya dilini öyrəndiyindən danışdı. O, Koreya Dillər Universitetində Türk dili-Azərbaycan dili fakültəsinin açıldığını  və yüzlərlə koreyalı tələbənin Azərbaycan dilini,siyasətini,iqtisadiyyatını və mədəniyyətini öyrəndiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.  Diplomat Koreya hökumətinin təqaüd proqramı, Azərbaycan hökumətinin xaricdə təhsil proqramları vasitəsilə 80 nəfər azərbaycanlı tələbənin Koreyada , eləcə də 30 nəfər koreyalı tələbənin Azərbaycanda təhsil aldığını vurğuladı.

Xanım diplomat çıxışının sonunda simpoziumun təşkil olunmasına dəstək göstərən ADU-nun rektoru Səməd Seyidova minnətdarlığını bildirdi.

Səfir müavini Ça Çanqsu ADU-nun rektorunu  Koreya ilə qarşılıqlı əlaqələrin qurulmasında xidmətlərinə görə  Təşəkkürnamə ilə təltif etdi.

Rektor Səməd Seyidov öz növbəsində bu əlaqələrin qurulmasında  rəhbərlik etdiyi  Azərbaycan Dillər Universitetinin mühüm rol oynadığını qeyd etdi və təltifə görə xanım diplomata  təşəkkürünü bildirdi.

ADU-nun Koreya dili kafedrasının müəllimi Çe Ho isə çıxışında çalışdığı kafedranın fəaliyyətindən bəhs etdi. Koreyalı müəllim  1994-cü ildə Cənubi Qafqaz regionunda ilk dəfə olaraq Koreya dili ixtisasının  ADU-da yarandığını bildirdi.  O, 2014-cü ilin iyun ayında Koreya dili ixtisasından 9-cu məzun buraxılışının olacağını söylədi. O, ötən 20 il ərzində Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində Koreya dilini öyrənmiş məzunların Koreya və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını vurğuladı.   Koreyalı müəllim Çe Ho 2011-ci ildən etibarən Tərcümə fakültəsi nəzdində Koreya dili üzrə magistratura pilləsinin  təsis edildiyini  və hazırda Koreyaşünaslıq üzrə kadrlar yetişdirildiyinə diqqət çəkdi.

Sonra Koreyanın Azərbaycandakı səfirliyinin İqtisadi işlər üzrə konsulu Kim Ce Çolun “Koreya-Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın hazırki vəziyyəti və gələcəyi” mövzusunda məruzəsi dinlənildi.  İqtisadi işlər üzrə konsulu məruzəsində  Koreya şirkətlərinin Azərbaycanda həyata keçirdiyi layihələrdən, ölkələrə arasında olan iqtisadi əlaqələrin inkişaf tempindən söza açdı.   

Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və İnkişaf idarəsinin attaşesi Zülfiyyə Əlizadə “Azərbaycan və Koreya əməkdaşlığının 20 illik dinamikası” mövzusunda çıxış etdi.  Z. Əlizadə çıxışında Azərbaycan və Koreya arasında dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanan və müxtəlif sahələri əhatə edən əməkdaşlığın çoxtərəfli formatda həyata keçirilməsindən danışdı.  O, ölkələr arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin və parlamentlərarası işçi qrupunun görüşlərinin keçirilməsinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığını dərinləşməsinə və xalqların bir-birini daha da yaxından tanımasına töhfə verəcəyini əminliyini ifadə etdi.  Xarici İşlər Nazilriyinin nümayəndəsi  ötən müddət ərzində  Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Koreya Fondu tərəfindən müxtəlif mövzular üzrə təşkil olunmuş təlim kurslarında və proqramlarında Azərbaycandan 350-dən çox dövlət rəsmisi, tədiqiqatçı və tələbənin iştirak etdiyini vurğuladı.

 Simpoziumda, həmçinin Türkiyənin Ərciyes Universitetinin Koreya dili kafedrasının dosenti, professor Göksel Türkoz və ADU-nun Koreya dili kafedrasının müəllimi İ Yon Hong müvafiq olaraq “Türk dilli ölkələrdə Koreyaşünaslığın inkişafına dair təkliflər (Türkiyənin Koreya dili fakültəsini əsas götürərək)” və “Azərbaycan və Koreya dillərinin müqayisəsi” mövzularında məruzə etdilər.

Mütəxəssislərin çıxışları bitdikdən sonra IV kurs tələbələrinin Koreya mədəniyyətinə əsaslanan çıxışları oldu. Tələbələr 3 qrup şəklində müvafiq olaraq hər biri “Koreya milli mədəniyyətinin texnoloji inkişafa təsiri”, “Koreyanın toy mədəniyyəti” və “Koreyada kütləvi mədəniyyət və Koreya dalğası” mövzusunda çıxış etdilər.







Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı