Modern.az

Azərbaycan XİN-i Avropa Şurası rəhbərliyinin Bakı səfəri barədə məlumat yaydı

Azərbaycan XİN-i Avropa Şurası rəhbərliyinin Bakı səfəri barədə məlumat yaydı

Təhsil

24 May 2014, 16:35



Azərbaycan Xarici İşlər Nazirliyi (XIN) Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqland və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Ann Brassörün ölkəmizə səfəri ilə bağlı məlumat yayıb.

XİN mətbuat xidmətindən Modern.az-a verilən məluamat görə, səfər çərçivəsində T.Yaqland və A.Brassör Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclis sədri Oqtay Əsədov və digər dövlət rəsmiləri tərəfindən qəbul ediliblər. 

Səfər zamanı Azərbaycan rəsmiləri ilə keçirilmiş görüşlərdə Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrlik prioritetləri, Dağlıq Qarabağ münaqişəsi, aktual beynəlxalq və regional məsələlər, eləcə də AŞ baş katibi T.Yaqlandın Azərbaycan da daxil olmaqla bütün AŞ üzv ölkələrində ümumi durumu əks etdirən “Avropada insan hüquqları, demokratiya və qanunun aliliyinin vəziyyətinə dair” hesabatı kontekstində fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində T.Yaqlandın iştirakı ilə qarşıdakı illərdə Azərbaycan və təşkilat arasında əməkdaşlığın başlıca çərçivəsini təşkil edəcək AŞ-nin Azərbaycan üzrə 2014-2016-cı illər üçün Fəaliyyət Planının təqdimatı keçirilib.

4 saylı ASAN Mərkəzinə səfər edən T.Yaqland Azərbaycanda bu xidmətin fəaliyyətini yüksək qiymətləndirib və bunun digər AŞ ölkələri üçün müsbət nümunə ola biləcəyini bildirib.  

A.Brassörün sədrliyi ilə isə AŞPA Daimi komitəsinin Milli Məclisdə iclası keçirilib. A.Brassör çıxışında bildirib ki, üzv dövlətlərin ərazi bütövlüyünə hörmət təşkilatın fundamental prinsipidir. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan A.Brassör 2005-ci ildə qəbul edilmiş 1416 saylı AŞPA qətnaməsini xatırladaraq, AŞPA-nın Azərbaycanın ərazi bütövlüyünə dəstəklə bağlı birmənalı və prinsipial mövqedə olduğunu vurğulayıb.

 AŞPA-nın 2005-ci ildə qəbul edilmiş 1416 saylı qətnaməsi BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsini və işğal olunmuş ərazilərdən silahlı qüvvələrin çıxarılmasını tələb edir.  

Milli Məclis sədri Oktay Əsədov isə AŞPA üzvlərini və tədbirlər iştirakçılarını salamlayaraq, AŞPA ilə əlaqələrdən və Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyindən danışıb və Dağlıq Qarabağ münaqişəsinə toxunub.  

İclasda nazir Elmar Məmmədyarov Azərbaycan Xarici İşlər Naziri və AŞ-nın Nazirlər Komitəsinin sədri statusunda çıxış edib.  E.Məmmədyarov Azərbaycanın xarici siyasəti, iqtisadi inkişafı, ölkədə aparılan siyasi islahatlar və mövcud tolerantlıq mühiti, Dağlıq Qarabağ münaqişəsi haqqında AŞPA üzvlərinə geniş məlumat verib.

E.Məmmədyarov bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin bu günədək həll olunmaması, Azərbaycanın ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalının davam etməsi və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün öz tarixi torpaqlarına dönə bilməməsi AŞ-nın əsasını təşkil edən fundamental prinsiplərə və demokratik dəyərlərə ziddir, regionun hərtərəfli inkişafına və demokratik proseslərə xələl yetirir.

Xarici işlər naziri AŞ-nın Nazirlər Komitəsinin sədri statusunda AŞPA-nın üzvləri ilə müxtəlif beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıb. Fikir mübadiləsi əsnasında AŞ-nın bir üzv dövlətinin digər üzv dövlətin ərazisini işğal etməsinin qəbuledilməzliyi vurğulanıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı