Xaricdə yaşayan azərbaycanlılar tərəfindən yaradılan və Avropada fəaliyyət göstərən Demokratik Azərbaycan Hərəkatı (DAH) 28 may Respublika günü və Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi ilə bağlı maraqlı aksiya həyata keçirib. Belə ki, qurumun sifarişilə üzərində Məhəmməd Əmin Rəsulzadənin əksi və Azərbaycan bayrağı əks olunan poçt markaları Niderlandda satışa buraxılıb. Bununla bağlı DAH nümayəndəsi Fikrət Hüseynli Modern.az-a bildirib ki, markalar Demokratik Azərbaycan Hərəkatının qərarı ilə bir müddət öncə rəsmi olaraq sifariş edilib. Markaların çapından sonra Niderlandın əsas poçt daşıma şirkəti olan PostNL şirkəti tərəfindən məhz 28 mayda, Respublika günündə bütün krallıq ərazisində satışa buraxılıb.
Birinin qiyməti 1 avro olan markalar artıq bütün Niderland Krallığı ərazisində satışdadır. Fikərt Hüseynli onu da bildirib ki, markalar təkcə Niderlanddaxili yox, həm də dünyanın hər yerində istifadə oluna bilər. Bununla bağlı Niderland Krallığının aidiyyatı dövlət qurumları və beynəlxalq poçtdaşıma şirkətlərilə razılaşma əldə edilib. Poçt daşıma şirkəti isə Azərbaycanın Respublika gününə hədiyyə olaraq markalardan bir neçəsini 28 may günü Demokratik Azərbaycan Hərakatının nümayəndələri Eldəniz Yusibov, Fikrət Hüseynli, Əsəd Qasımov, Rəşad Sadıqov, Sabir Buqadov və digərlərinə təqdim edib.

Modern.az