Modern.az

BMU-da yeni fakültə açılır: İlk tələbələr qəbul ediləcək

BMU-da yeni fakültə açılır: İlk tələbələr qəbul ediləcək

Təhsil

Bu gün, 14:40

Bakı Mühəndislik Universitetində (BMU) beynəlxalq əməkdaşlıq çərçivəsində yaradılan yeni fakültəyə ilk tələbə qəbulu həyata keçiriləcək.

Modern.az xəbər verir ki, BMU ilə Çin Xalq Respublikasının aparıcı ali təhsil müəssisələrindən biri olan Pekin Kimya Texnologiya Universitetinin (PKTU) birgə təsis etdiyi PKTU-BMU Mühəndislik fakültəsi 2026-2027-ci tədris ilindən fəaliyyətə başlayacaq.

Fakültədə tədris kompüter elmləri, kimya, biotexnologiya və mexanika mühəndisliyi ixtisasları üzrə aparılacaq. Tələbələr bu istiqamətlər üzrə müasir elmi biliklər əldə etməklə yanaşı, beynəlxalq təcrübə qazanmaq imkanı da əldə edəcəklər.

Təhsil prosesi ikili diplom proqramı çərçivəsində 3+1 modeli əsasında təşkil olunacaq. Belə ki, tələbələr təhsilin ilk üç ilini BMU-da, sonuncu ilini isə PKTU-da davam etdirəcəklər. Proqramı uğurla başa vuran məzunlara hər iki universitetin diplomu təqdim olunacaq.

Bildirilib ki, fakültədə dərslər BMU və PKTU-nun yüksəkixtisaslı professor-müəllim heyəti tərəfindən tədris ediləcək. Bu əməkdaşlıq tələbələrin hər iki ali məktəbin akademik potensialından və qabaqcıl tədris təcrübəsindən yararlanmasına şərait yaradacaq.

Yeni fakültə tələbələrin beynəlxalq elmi-tədqiqat layihələrində iştirakını, akademik mobillik proqramlarından faydalanmasını və innovativ texnologiyalar sahəsində bilik və bacarıqlarını inkişaf etdirməsini dəstəkləyəcək. Eyni zamanda, fakültə çərçivəsində həyata keçiriləcək fəaliyyətlərin elmi-tədqiqat, innovasiya və texnologiya transferi istiqamətlərində əməkdaşlığın genişlənməsinə töhfə verməsi nəzərdə tutulur.

Qeyd edək ki, PKTU-BMU Mühəndislik fakültəsinin yaradılması beynəlxalq səviyyədə rəqabətqabiliyyətli və müasir mühəndislik kompetensiyalarına malik mütəxəssislərin hazırlanmasına xidmət edəcək. Bu təşəbbüs tələbələrə qlobal təcrübədən yararlanmaq, gələcəyin texnologiyalarını mənimsəmək və beynəlxalq əmək bazarının tələblərinə uyğun peşəkar inkişaf imkanları qazandıracaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır