Dağlıq Qarabağ münaqişəsi “dondurulmuş” münaqişə deyil. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Muğla vilayətinin Bodrum şəhərində jurnalistlərə bildirib. Onun sözlərinə görə, Qarabağ münaqişə zonasında hələ də insanlar həlak olur.
“Azərbaycanın mövqeyi belədir ki, bu, “dondurulmuş” münaqişə deyil. Çünki təəssüflər olsun ki, hələ də həm Ermənistan, həm də Azərbaycan tərəfdən insan itkisi var”, - deyə nazir bildirib..
O əlavə edib ki, “müharibə davam edir və biz tezliklə regiona sülh və sabitlik gətirmək üçün daha çox səy göstərməliyik”.
E.Məmmədyarov təəssüflə deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin cari ilin 16-17 iyulunda Almatı görüşündə irəliləyişə nail olunmayıb.
“Almatıda həmsədr ölkə prezidentlərinin Torontoda (Kanada) vermiş olduqları bəyanata baxmayaraq, biz Ermənistandan öz mövqelərini daha konstruktiv səviyyəyə çatdıracaqlarına ümid edirdik. Biz ümid edirdik ki, Ermənistan prezidentlərin birgə bəyanatından sonra planı qəbul etdiyini və onun əsasında Qarabağ münaqişəsinin həllinə dair sülh razılaşmasının hazırlanması üzrə işə başlamağıa hazır olduğunu bəyan edəcək. Təəssüf ki, Almatıda belə irəliləyişə nail olmaq mümkün olmadı”, - deyə E.Məmmədyarov qeyd edib.