Türkiyədə ordunun yüksək vəzifələrinə təyinatla bağlı dörd gün davam edən problem nəhayət həllini tapıb.
Avqustun 8-də gecə saatlarında Silahlı Qüvvələrin Baş qərargah rəisi, ordu generalı İlkər Başbuğ və müdafiə naziri Vəcdi Gönül Ali Hərbi Şuranın Baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış son qərarını Prezident Abdullah Gülə təqdim ediblər. Türkiyənin dövlət başçısının təsdiq etdiyi bu qərara görə, ordu generalı İşık Koşaner Silahlı Qüvvələrin yeni Baş qərargah rəisi təyin olunub.
Quru qoşunları komandanı isə, ordu generalı Ərdal Ceylanoğlu olub.
Ali Hərbi Şuranın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında avqustun 1-də başlamış və 4 gün davam edən iclasının qərarında Silahlı Qüvvələrin Baş qərargah rəisi vəzifəsinə təyinat təxirə salınmışdı. Bu, quru qoşunları komandanı, ordu generalı İşık Koşanerin yerinə təyin olunacaq komandanın Baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiq olunmaması ilə bağlı idi.