Millət vəkili Qənirə Paşayeva bazar günü Tovuz rayonundan hərbi məktəblərə qəbul olanlarla və hərbi and içən əsgərlərlə görüş keçirib.
İlk öncə mərhum dövlət başçısı Heydər Əliyevin abidəsi ziyarət edilib. Daha sonra millət vəkili Qənirə Paşayeva, rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və ali hərbi məktəb, liseylərə daxil olanlar vətən uğrunda canlarını fəda edən Tovuzlu şəhidlərin qəbirlərini ziyarət ediblər. Tədbir rayonda yerləşən N saylı hərbi hissədə davam edib. Burada çıxış edən millət vəkili Qənirə Paşayeva hərbi and içən gənc əsgərləri təbrik edərək onlara şərəfli peşələrində uğurlar arzulayıb. Millət vəkili respublikamızın iqtisadi və hərbi gücündən danışaraq bildirib ki, hazırda Azərbaycan ölkə prezidenti İlham Əliyevin səyi nəticəsində sürətlə inkişaf etməkdədir.
"Bu gün bizim həm iqtisadi həm də hərbi cəhətdən güclü dövlətimiz var. Biz bu gücümüzlə sizin sayənizdə işğal altında olan torpaqları hər zaman düşmən tapdağından azad etməyə hazır olmalıyıq" deyən millət vəkili torpaq və vətən qarşısında borcu yerinə yetirməyin şərəfli bir iş olduğunu söyləyib. Qeyd etdi ki, Milli Qəhrəman Mübariz İbrahimovun döyüş yolu hər birimizə bir örnək olmalıdır. Onun vətəni necə sevdiyini və torpaq uğrunda canını fəda etməsi əsgərlərimizdə ruh yüksəkliyinin olmasını göstərir.
Millət vəkili milli qəhrəmanın ölümündən əvvəl valideynlərinə yazdığı məktubu əsgərlərə oxuyub, onun həyat və döyüş yolunu əks etdirən 10-a yaxın lövhəni hərbi hissəyə təqdim edib.
"Mən ordumuzda ruh yüksəkliyi görürəm. Ruhu yüksək olan ordunu heç nə sarsılda bilməz. Əksinə belə ordu ilə qısa müddətə topaqlarımızı işğaldan azad edə bilərik" - deyə Qənirə Paşayeva bildirib.
Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov isə övladlarının andiçmə mərasımındə iştirak edən valideynləri vətənə sədaqətli oğul böyütdükləri üçün təşəkkür edib.
Andiçmə mərasimində hərbi xidmətdə olan gənclərin valideynləri də çıxış edərək bildiriblər ki, onlar övladlarının vətənə xidmət etmələrindən qürur duyurlar.
Hərbi anddan sonra kəşfiyyat bölüyünün əsgərləri məharətlərini göstəriblər.
Qənirə Paşayeva bu il ali Hərbi məktəb və hərbi liseylərə qəbul olanlara milli qəhrəmanların həyatını əks etdirən kitab və qiymətli hədiyyələr verib. Millət vəkili bildirib ki, Tovuz hərbi məktəblərə sənəd verənlərin sayına görə rayonlar arasında birincilərdəndir. Belə ki, ilkin məlumata görə rayondan bu il 25 nəfər C. Naxçivanski Adına Hərbi Liseyə və 20 nəfər Heydər Əliyev adına Ali Hərbi məktəbə sənəd verib. Qeyd edək ki, son üç ildə rayondan 125 nəfər hərbi təhsil almaq üçün paytaxta gedib.
Millət vəkili xidmətdə fərqlənən "N" saylı hərbi hissənin əsgərlərinə də hədiyyələr təqdim edib.
Sonda incəsənət ustalarının ifasında konsert proqramı təşkil edilib.