Modern.az

İlham Əliyev Macarıstanın baş naziri ilə görüşüb

İlham Əliyev Macarıstanın baş naziri ilə görüşüb

Təhsil

11 Noyabr 2014, 19:51


Macarıstanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Macarıstanın Baş naziri Viktor Orba ilə geniş tərkibdə görüşüb. Macarıstanın Baş naziri Azərbaycan Prezidentini parlament binasının önündə qarşılayıb. Sonra rəsmi foto çəkdirilib. Macarıstan hökumətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Baş nazir Viktor Orbana təqdim olunub.

Geniş tərkibdə görüşdə çıxış edən Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyevin səfərinin əhəmiyyətini yüksək qiymətləndirib, ölkənin parlamentində və ümumiyyətlə siyasi həyatında Azərbaycana böyük marağın olduğunu vurğulayıb.

“Bizim hər birimiz ölkənizdə əldə olunan tərəqqini böyük heyranlıqla izləyirik”, - deyən Baş nazir Viktor Orban Azərbaycanın iqtisadi tərəqqisinin, o cümlədən qeyri-neft sektorunun uğurlu inkişafının Macarıstanda maraqla izlənildiyini diqqətə çatdırıb. Macarıstanın Baş naziri onunla Prezident İlham Əliyev arasında dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığımızın inkişafında rolunu vurğuladı, əlaqələrimizin daha da genişlənməsi üçün yaxşı potensialın olduğunu qeyd edib.

Sonra Prezident İlham Əliyev çıxış edib. Azərbaycan Prezidenti deyib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir və əlaqələrimiz qarşılıqlı etimada söykənir. Ölkələrimiz arasında güclü siyasi əlaqələrin olduğunu deyən Prezident İlham Əliyev iqtisadi sahədə də münasibətlərin uğurla inkişaf etdiyini, ticarət dövriyyəsinin artdığını və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin mövcudluğunu vurğulayıb.
İmzalanacaq sənədlərin əhəmiyyətindən danışan dövlət başçısı onların ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yaxşı hüquqi baza yaratdığını bildirib. Söhbət zamanı əlaqələrin yeni imkanlarının nəzərdən keçirilməsinin önəmi vurğulanıb, birgə hökumətlərarası komissiyanın fəaliyyətinin bu baxımdan əhəmiyyəti qeyd edilib.

Azərbaycanla Macarıstan arasında enerji, təhsil, humanitar, əczaçılıq, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın perspektivlərinin müəyyən edilməsinin vacibliyi diqqətə çatdırılıb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq, regional və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşün ardınca Azərbaycan və Macarıstan strateji tərəfdaşlıq üzrə bəyannamə imzalayıblar. Bəyannamə Azərbaycan və Avropa İttifaqı arasında uğurlu əməkdaşlığı və əlaqələrin gələcək inkişafını nəzərdə tutur.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı