Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü Sirac Kərimlinin işi üzrə hazırlıq iclası keçirilib. Vəkil Nemət Kərimli Modern.az saytına bildirib ki, işə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılıb:
“İclasda həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması və sübutlarla bağlı vəsatətlərə baxıldı. Həbsin dəyişdirilməsi ilə bağlı vəsatətimiz təmin edilmədi. Sirac Kərimlinin üzərindən narkotik maddə çıxarılarkən baxış və götürmə protokolu da qanuna uyğun olmayıb. Hal şahidi kimi vəkil Mehman Əliyev baxışda iştirak edib.
Müdafiəçinin də cinayət işi başlandıqdan sonra iştirak etmək hüququ var. Burda isə cinayət işi başlamadan öncə onun üzərinə baxış keçirilərkən hal şahidləri iştirak edib və protokol imzalanıb. Həmin sübutun protokolun sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatətimiz də təmin edilmədi. Sirac ürək ağrılarından hələ də əziyyət çəkir. Onun müayinəsi üçün dəfələrlə aidiyyəti qurumlara etdiyimiz müraciətlər müsbət nəticə vermədi. Növbəti proses fevralın 12-də davam edəcək”.
Sirac Kərimli iyulun 17-dən həbsdədir, narkotik ittihamı ilə tutulub. Onun qardaşı Fərəc Kərimov da narkotik ittihamı ilə həbs olunub. O, iyulun 23-də tutulub. Tutulan vaxt Fərəc Kərimov Müsavatçı Gənclər Təşkilatının Nəzarət Təftiş Komissiyasının sədri, partiyanın rəsmi internet səhifəsinin idarəçisi olub, bloqçu fəaliyyəti göstərib. Həbsdə olduğu vaxt isə Müsavat başqanının müavini təyin edilib. Fərəc və Sirac qardaşlarının müdafiəçiləri həbsləri siyasi motivlərlə bağlayır.
Yeganə OQTAYQIZI