Martın 13-də Heydər Əliyev Mərkəzində “Sloveniya Günü” çərçivəsində “Eroika” qrupunun “Baharlı yurdum-Azərbaycan” mahnısını ifa etməsi coşquyla qarşılanıb. Tamaşaçılar Azərbaycanın görkəmli müğənni və bəstəkarı Müslüm Maqomayevin məşhur mahnısını sürəkli alqışlarla müşayiət ediblər.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzində keçirilən “Sloveniya Günü” çərçivəsində sərgi və konsert proqramı təşkil olunub. Modern.az xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli mərasim iştirakçılarını salamlayaraq Azərbaycanda ilk dəfə keçirilən “Sloveniya Günü”nün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Onin sözlərinə görə, bu cür layihələr xalqların biri-birini daha yaxından tanımasında böyük rol oynayır. “Bu gün biz Sloveniyanı, onun zəngin mədəniyyətini yaxından tanımağa imkan yaradacaq iki müxtəlif və böyük tədbirə start veririk. Onlardan birincisi “İki fərqi dünya” adlanan ata və oğulun incəsənət əsərlərinin sərgisi, digəri isə “Eroika” qrupunun təqdimatında konsert proqramıdır”, - deyə A.Kərimli qeyd edib.Sloveniyanın Azərbaycandakı səfiri Milan Yazbek isə çıxışında bildirib ki, belə bir gözəl məkanda - Heydər Əliyev Mərkəzində son altı ay ərzində ikinci dəfə insanlarla görüşmək fürsəti qazanıb.
Onun sözlərinə görə, belə tədbirlər Azərbaycan və Sloveniya arasındakı əlaqələrin olduqca yüksək inkişafından xəbər verir.
“Bu gecə Sloveniyalı məşhur sənətçisi Lyuben Dimkaroski dünyanın ən qədim fleytasında səsləndirəcəyi musiqi nömrələri ilə bizim hamımızın zövqünü oxşayacaq. Sloveniya Milli Muzeyində saxlanılan bu fleytanın 65 min il yaşı var. Bu musiqi aləti neandertal insan dövründə icad edilib. Sadə, bir neçə dəliyi olan bu musiqi alətinin sehrində biz həmin dövrlərin ruhunu hiss edəcək, eyni zamanda müasir musiqi əsərlərini dinləyəcəyik. Eyni zamanda biz rənglərin səyahətinə də çıxacağıq. Belə ki, Sloveniya rəssamları Peter və Joze Ciuhaların əsərlərinin bənzərsiz rənglər dünyasında 18 rəngin nələr yaratdığını seyr edəcəyik”, -deyə səfir qeyd edib.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, səfir Milan Yazbek, Sloveniyanın Azərbaycandakı fəxri konsulu Elnur Allahverdiyev və qonaqlar daha sonra Peter və Joze Ciuhaların əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə müəlliflərin abstraksiya, müasir incəsənət janrlarında akvarellə çəkilmiş rəsmləri, eləcə də kompüter qrafikasının köməyi ilə işlənmiş əsərləri nümayiş etdirilib. Sloveniya sənətçisi Lyuben Dimkaroski isə dünyanın ən qədim fleytasında milli musiqilər ifa edib.
Sonra tədbir iştirakçıları, Heydər Əliyev Mərkəzində məşhur “Eroika” qrupunun konsertini dinləyiblər. Qrupun prodüseri, dirijor Patrik Qreblo tamaşaçıları salamlayaraq Azərbaycan səhnəsində çıxış etməkdən məmnun olduqlarını bildirib. Matyaz Robavs (bariton), Alyaz Farasin (tenor) və Metod Zunecdən (tenor) ibarət qrup tamaşaçılara maraqlı musiqi proqramı təqdim edib. Trio səhnəyə Niyazi adına simfonik orkestrinin müşayiəti ilə çıxıb.
Qrup üzvləri tamaşaçılara həm Sloveniya, həm də müxtəlif dillərdə mahnılar təqdim ediblər. Sloveniya sənətçiləri “Baharlı yurdum-Azərbaycan” mahnısını ifa etməklə konserti möhtəşəm sonluqla yekunlaşdırıblar.







