
Sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən və ciddi narazılıqla qarşılanan Bakıya gətirilən yeni avtobuslarda əlillər üçün nəzərdə tutulan oturacaqların sökülməsi məsələsinə Nəqliyyat Nazirliyindən cavab verilib.
Nazirliyin mətbuat xidmtəinin rəhbəri Namiq Həsənov Modern.az-a bildirib ki, baş verənlərdən xəbərdardır:
“Bununla bağlı bizə də məlumatlar daxil olub. Nəqliyyat Nazirliyi avtobuslarda konstruksiyaların dəyişdirilməsi ilə bağlı böyük bir reyd keçirəcək. Reyd nəticəsində avtobuslarda özbaşına konstruksiyalar dəyişdirilənlər müəyyənləşdiriləcək”.
O qeyd edib ki, qətiyyən narahatlığa əsas yoxdur: “Birinci növbədə nöqsanlar aşkarlanan avtobusların sürücüləri, sonra isə sahibkarlar cəzalandırılacaq. Yaxın günlərdə nəticə barədə ictimaiyyətə məlumat veriləcək.
Yeni gətirilməyindən və ya əvvəldən istismara verilməsindən asılı olmayaraq heç kəsin avtobusların konstruksiyasına müdaxilə etməyə ixtiyarı yoxdur. Bu tamamilə məntiqə sığmayan və qanunsuz hərəkətdir”.
Nazirliyin sözçüsü avtobusların orta hissəsindəki oturacaqların da sökülərək daha çox sərnişinin ayaq üstə dayanmasını təmin edən sürüclərin də cəzalandırlacağını istisna etməyib: “Nəinki yeni, ümumiyyətlə, bütün avtobus marşurutlarında araşdırmalara başlayacağıq. Nöqsanı olanlar mütləq cəzalanacaq. Buna əmin ola bilərsiniz”.
Gülşən RAUFQIZI