“İrəli” İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə təşkil etdiyi “Gənc Əkinçi” layihəsini davam etdirir. Modern.az-ın məlumatına görə, “Gənc Əkinçi”nin əsas məqsədi Azərbaycanda peşəkar jurnalistikanı formalaşdırmaq, fəaliyyət göstərən kütləvi informasiya vasitələri arasında mövcud əlaqələri inkişaf etdirmək, yeni əlaqələrin qurulmasına şərait yaratmaqdır.
Ümumilikdə layihədə 35 gənc jurnalist iştirak edir. Layihəyə cəlb edilən gənc jurnalistlərə peşakar təlimçilər və ixtisaslı kadrlar tərəfindən müxtəlif təlimlər, seminarlar keçirilir. Layihənin əsas hədəflərindən biri də təlimdə iştirak etmiş gənc jurnalistlərin komandasının formalaşdırıması, onların Azərbaycan həqiqətləri barədə xarici ölkə mətbuatına çıxışını təmin etməkdir. Sonra gənc jurnalistlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin təliminə də qatılıblar. Bundan sonra isə onlar İsmayıllı rayon İcra hakimiyyətinin dəvəti ilə İsmayıllı rayon Mədəniyyət Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yaradıcı kollektivinin ifasında Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası tamaşasına baxıblar. Tamaşaya baxan jurnlaistlər tədbirdən məmnunluqla ayrılıblar. Xatırladaq ki, tədbir İsmayıllı rayon İcra hakimiyyəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının birgə layihəsidir. Operada Leyli partiyasını Azərbaycan Respublikasının Xalq Artisti Nəzakət Teymurova, Məcnun rolunu isə Xalq Artisti Mənsum İbrahimov ifa ediblər. Tamaşanı Əməkdar İncəsənət Xadimi Sevil xanım Hacıyeva idarə edib.Qeyd edək ki, “İrəli” İB-nin “Gənc Əkinçi” Akademiyası layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu ilə birgə martın 12-15-dək davam edəcək. Təlimlərdən sonra yaradılacaq qrupla mütamadi işlərin aparılması, onlar üçün dil kurslarının təşkili, həmçinin gələcəkdə müxtəlif ölkələrin Kütləvi İnformasiya Vasitələrində təcrübə proqramlarına qatılması və həmin KİV-lərlə əməkdaşlığa cəlb edilməsi nəzərdə tutulur. Bu il İsmayıllı şəhərinin “Gənclər paytaxtı” elan edilməsini nəzərə alaraq təlimlər məhz bu rayonda keçirilir.

