
“Ukrayna prezidenti Pyotr Poroşenko Avropadan silah almaqla öz siyasi mövqeyini gücləndirmək istəyir. O sübut etməyə çalışır ki, həqiqətən də Ukraynanın ərazi bütövlüyü naminə çalışır”. Bunu Modern.az saytına politoloq Zərdüşt Əlizadə deyib.
Ekspert Ukraynanın Avropa Birliyinin 11 ölkəsi ilə silah tədarükünə dair imzaladığı müqaviləni şərh edərkən bildirib ki, bu, Rusiya ilə müharibəyə başlamaq demək deyil.
Onun sözlərinə görə Ukrayna nə qədər silah alsa da, ordusunun mənəvi və taktiki hazırlığı olduqca aşağı səviyyədədir.
“Ümumiyyətlə Ukrayna ordusu və cəmiyyəti döyüşməyə hazır deyil. Ukraynada bəzi kəsimləri çıxmaq şərti ilə, xalq müharibəyə, döyüşə hazır deyil. Ukraynaya ən güclü silahlar versələr belə, qüvvələr nisbəti dəyişməyəcək”,-deyə Zərdüşt Əlizadə qeyd edib.
Politoloq Ukraynada atəşkəsin əldə edilməsi haqqındakı Minsk razılaşmasına hazırda əməl edildiyini söyləsə də, bunun perspektivinin regionda ikinci “Qarabağ ssenarisi”nə aparıb çıxardığını vurğulayıb.
“Minsk razılaşması Qarabağda atəşkəsin dayandırılmasına dair imzalanmış Bişkek Protokolunu xatırladır. Rusiyanın Bişkek Protokolu ilə nəyə nail olduğu bəllidir. İndiyə qədər də Qarabağa Ermənistanın işğalı altındadır. İndi də Donetsk, Luqansk, ən azından 20-30 il Ukraynanın ərazisi olmayacaq. Bu, Rusiyanın daima Ukraynaya təzyiq vasitəsi kimi qalacaq”.
Aqşin Kərimov