Modern.az

“Əhalinin bölgələrə qayıdışı getdikcə sürətlənəcək” – Vahid Əhmədov

“Əhalinin bölgələrə qayıdışı getdikcə sürətlənəcək” – Vahid Əhmədov

Təhsil

16 Mart 2015, 13:50


“Bakı şəhəri sənaye mərkəzidir, əksər sahələr birbaşa neftlə bağlıdır. 2012-ci ildən bəri neft hasilatının azalması, eyni zamanda neftin qiymətində baş verən dəyişikliklər iqtisadiyyata təsirsiz ötüşməyib. Bunu gizlətmək lazım deyil. Manatın devalvasiyasından sonra isə insanların yaşayışla bağlı müəyyən çətinlikləri var. Buna görə də kimin imkanı, şəraiti varsa bölgələrə qayıdır”.                                                                                        

Bu haqda Modern.az-a Milli Məclisin İqtsadi siyasət komitəsinin üzvü Vahid Əhmədov əhalinin son günlər paytaxtdan bölgələrə qayıtmasına münasibət bildirərəkən deyib.  

Onun sözlərinə görə, hazırda insanlar bölgələrə qayıtmağa başlayıb: “Bu ilk növbədə insanların torpağa bağlılığında özünü göstərir. İqtisadi İnkişaf  və Kənd Təsərrüfatı nazirlikləri insanların bölgələrdə fəaliyyətini təmin etmək üçün bir çox işlər görüb, iri fermer təsərrüfatları yaradılıb, torpaqla bağlı məsələlər müəyyən qədər həll edilib, hətta istifadə olunmayan torpaqların istifadəsi üçün təkliflər verilib.  

Bir vaxtlar rayonlarda vəziyyət doğrudan da ağır idi, infrostruktur layihələri həyata keçirilmirdi, qaz, su, işıq, yol problemləri ciddi vüsət almışdı. Bütün bunlara görə əhali kənddən şəhərə can atırdı. Bu səbəbdən Bakı həddindən artıq yüklənmişdi. Hazırda bu məsələlərin müəyyən qədər öz həllini tapdığını görürük”.  

Vahid Əhmədov prezident İlham Əliyevin məsələyə göstərdiyi qayğıdan da söhbət açıb: “Dövlət başçısının rayonlara xüsusi qayğısı da burda öz rolunu göstərir. Müəyyən islahatlar gedir və belə davam edərsə, yəni əhali nə qədər kəndlərə çox qayıdarsa, nə qədər çox torpağa bağlılığı artarsa, şəhərdə də vəziyyət bir o qədər yüngülləşər, tıxaclar azalar.   Ümumiyyətlə, bir vaxtlar Bakının yükünün azaldıması üçün əlavə bir şəhərin yaradılması təklifilə də çıxış etmişdik. Həmin yüklənmə davam edəcəyi təqdirdə şəhərdə gəzmək çətinləşəcəkdi.  

Prezidentin göstərişilə həyata keçirilən islahatlar, həmçinin nazirlərin bölgələrə səfəri, vətəndaşların yerində qəbul edilməsi də məsələyə öz müsbət töhvəsini verməkdədir. Bu səbəbdən də əhali daha çox torpağa maraq göstərməyə başlayıb.  

Prezidentin xüsusilə sənaye müəssisələrinin yaradılması ilə bağlı imzaladığı qərar İmişli rayonu üzrə pilot layihə olaraq təstiq edildi. Bizsə bütün rayonlarda belə müəssisələrin yaradılması təklifini verdik.

Çünki belə layihələr nə qədər çox olarsa, daha çox inkişafa nail olmaq biləcəyik.   Hesab edirəm ki, yaxın 2-3 ildə əhalinin rayon və kəndlərə qayıdışında artım daha da çox olacaq. Son vaxtlar bölgələrdə şərait həqiqətən də yaxşılaşıb. Əgər insanlar Bakıdakı iş yerlərini itirir və yaşayışı çətinləşirsə, şəraiti olan kəndə qayıtmaqda heç bir qəbahət yoxdur. Əksinə sağlamlıq baxımından da əlverişlidir, çünki havası təmizdir”.  

Gülşən RAUFQIZI      

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı