
Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü Sirac Kərimliyə hökm oxunub. Vəkil Nemət Kərimli Modern.az saytına bildirib ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Sirac Kərimliyə 6 il azadlıqdan məhrum etmə cəzası verilib: “Qərardan apelyasiya şikayəti verəcəyik. Məhkəmədə son söz deyən Sirac Kərimli qardaşının və atasının siyasi fəaliyyətinə görə həbs olunduğunu və hökmün siyasi xarakterli olduğunu bildirdi”.
Sirac Kərimli iyulun 17-dən həbsdədir, narkotik ittihamı ilə tutulub. Onun qardaşı Fərəc Kərimov da narkotik ittihamı ilə həbs olunub. O, iyulun 23-də tutulub.
Tutulan vaxt Fərəc Kərimov Müsavatçı Gənclər Təşkilatının Nəzarət Təftiş Komissiyasının sədri, partiyanın rəsmi internet səhifəsinin idarəçisi olub, bloqçu fəaliyyəti göstərib.
Həbsdə olduğu vaxt isə Müsavat başqanının müavini təyin edilib. Fərəc və Sirac qardaşlarının müdafiəçiləri həbsləri siyasi motivlərlə bağlayır.
Yeganə OQTAYQIZI