“Ermənistanın mövqeyi məsələnin həllinin uzanmasına səbəb olur”

Milli Məclisin bugünkü iclasında baş naziri Artur Rasizadə Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti haqqında hesabatla çıxış edir.
Modern.az-ın məlumatına görə, baş nazir çıxışında Dağlıq Qarabağ münaqişəsinə də diqqət çəkib. Onun sözlərinə görə, danışıqlar təəssüflər olsun ki, ötən il də heç bir nəticə verməyib: “Ermənistanın tutduğu mövqe status-kvonun saxlanılmasına, məsələnin həllinin qeyri-müəyyən vaxta uzadılmasına səbəb olur. Prezident, Ali Baş Komandan İlham Əliyev bunu nəzərə alaraq ordu quruculuğunun daim təkmilləşdirilməsini, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasını gündəlik nəzarətində saxlayır.
Son zamanlar hərbçilərimizin erməni silahlı birləşmələrinin təxribatlarına verdiyi tutarlı cavablar Azərbaycan ordusunun böyük gücünün olmasına əyani sübutdur”. Baş nazir onu da qeyd edib ki, hərbi quruculuqlarla bağlı vəziyyət bütün orqanların daim diqqət mərkəzində olmalıdır: “Sevindirici haldır ki, artıq bu qayğını görmək mümkündür. Silahlı Qüvvələrə Yardım Fonduna ayrılan vəsaitlər ilbəil artır”.
Aqşin Kərimov