
YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və YUNESKO üzrə Moldova Respublikasının Milli Komissiyası tərəfindən həyata keçirilən “Bir-birimizi duyaq və dinləyək” layihəsi çərçivəsində Kişinev şəhərində YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Günay Əfəndiyeva və Moldova Respublikasının mədəniyyət və turizm naziri Monika Babuk arasında görüş keçirilib.
Modern.az xəbər verir ki, görüşdə Azərbaycan-Moldova əlaqələrinin inkişafı, xüsusilə mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Nazir M.Babuk Milli Komissiyalar arasında həyata keçirilən layihəyə dəstək verdiyi üçün Azərbaycana təşəkkür edib. O, Azərbaycanın zəngin mədəni irsə malik olduğunu, həmçinin Azərbaycanın sürətli inkişafı və mədəniyyətləararası dialoq sahəsində nailiyyətlərinə şahid olduğunu qeyd edərək bu inkişafın ölkələrimiz arasında işbirliyi imkanlarını genişləndirdiyini bildirib. Eyni zamanda, ötən illərdə Azərbaycanda Moldova mədəniyyəti günlərinin, Moldovada isə Azərbaycan mədəniyyəti günlərinin təşkil olunmasında Azərbaycan Respublikasının Səfirliyinin rolunu vurğulayaraq, Moldovanın Azərbaycanla mədəni əlaqələrin inkişaf etdirilməsinə maraqlı olduğunu diqqətə çatdırıb. Nazir cari ilin may ayında Bakıda keçiriləcək növbəti üçüncü Mədəniyyətlərarası Diaqloq Forumunda məmnuniyyətlə iştirak edəcəyini də dilə gətirib.
G.Əfəndiyeva təmsil etdiyi Milli Komissiyanın YUNESKO üzrə Moldova Respublikasının Milli Komissiyası ilə YUNESKO-nun əhatə etdiyi müxtəlif istiqamətlər üzrə əməkdaşlıq etdiyini və “Bir-birimizi duyaq və dinləyək” layihəsinin də bunun bir nümunəsi olduğunu qeyd edib. G.Əfəndiyeva ölkəmizin müxtəlif sahələrdə inkişafından, eləcə də ölkə başçısının göstərişi ilə Azərbaycanda həyata keçirilən bir sıra irimiqyaslı beynəlxalq layihələrdən bəhs edərək bildirib ki, Azərbaycan son illər Bakı Beynəlxalq Humanitar Forumlarına və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarına uğurla ev sahibliyi etməkdədir. Bu istiqamətdə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın fəaliyyətinin istər ölkəmizdə, istərsə də ölkəmizdən kənarda xüsusilə təqdir edildiyini vurğulayıb. G.Əfəndiyeva YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının ölkələrimiz arasında mövcud əlaqələrin gələcəkdə də inkişaf etdirilməsinə dəstək verəcəyini bildirib.
Görüşdə Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev iştirak edib.
***
YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və YUNESKO üzrə Moldova Respublikasının Milli Komissiyası tərəfindən həyata keçirilən “Bir-birimizi duyaq və dinləyək” layihəsi çərçivəsində “Azərbaycan nağılları moldovalı uşaqların gözü ilə” kitabı da işıq üzü görüb. Kitab Moldova Respublikasının dövlət dilində nəşr edilib. Kitaba “Məlikməmməd”, “Cırtdan”, “7 şam”, “Ailə ocağının sirləri” kimi Azərbaycan nağılları daxil edilib. Kitab Moldovanın YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinə daxil olan məktəb, lisey və gimnaziyalarında təhsil alan şagirdlər tərəfindən bu nağıllara çəkilmiş illüstrasiyalarla zənginləşdirilib.
Azərbaycan-Moldova mədəni dostluğunu əks etdirən kitablar Moldovanın milli kitabxanaları, məktəb, lisey, gimnaziya və digər tədris ocaqlarına paylanılıb. Kitabın təqdimat mərasimində iştirak edən YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Günay Əfəndiyeva və Azərbaycan nümayəndə heyəti onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlar üçün Moldova Respublikası Onkoloji Mərkəzinin nəzdində YUNESKO üzrə Moldova Respublikasının Milli Komissiyasının dəstəyi ilə yaradılan tədris mərkəzi ilə tanış olub, uşaqlara kitablar hədiyyə ediblər.



Modern.az